
Bakı. Trend:
Bu gün “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai
Birliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili
ilə əlaqədar apardığı tədqiqatın yekun nəticələrini
ictimailəşdirib.
Trend-in
məlumatına görə, təşkilatın sədri Fikrət Yusifov keçirdiyi
brifinqdə bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin
əsas maliyyə qaynaqlarından biri Ermənistan üzərindən apardığı
idxal-ixrac əməliyyatlarıdır. Rusiyaya qarşı beynəlxalq
sanksiyaların işə düşməsi və Ermənistanın xarici ticarət
dövriyyəsindəki kəskin artımlar bir-biri ilə sıx bağlıdır, biri
səbəb, digəri nəticədir.
Ermənistan Dövlət Statistika Komitəsinin və beynəlxalq
qurumların açıqladığı məlumatlara görə, son 5 ildə Ermənistanın
xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞ
dollarından 30,2 milyard ABŞ dollarına qədər böyüyüb. Əgər 2021-ci
ildə Ermənistan Rusiyadan cəmisi 1,8 milyard ABŞ dolları həcmində
məhsul idxal etmişdirsə, 2024-cü ildə bu rəqəm 5,1 dəfə və ya 7,4
milyard ABŞ dolları artaraq 9,2 milyard ABŞ dolları təşkil edib,
bunun da 6,9 milyard dolları və ya 75%-i sırf qiymətli və ya yarı
qiymətli daşlar, qiymətli metallar kimi məhsulların payına
düşür.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin
təhlilləri üzə çıxarır ki, Ermənistanın Rusiyadan böyük həcmdə
idxal etdiyi qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar bu
ölkənin daxili təlabatı üçün deyil, üçüncü ölkələrə ixrac üçündür.
Fikrət Yusifov sual edib:
“2020-ci ildə 44 günlük müharibədə ağır məğlubiyyət yaşamış,
iqtisadiyyatı çökmüş bir ölkənin yoxsul əhalisi necə ola bilər ki,
birdən-birə xaricdən bu qədər ləl-cəvahirat, qiymətli daşlar alsın,
hansı vəsaitlə?! Bu, gülünc saxtalaşdırma, pərdələnmiş iqtisadi
əməliyyatlardır, iki ölkə arasında sövdələşmənin nəticəsidir.
Rusiya Ermənistan üzərindən idxal-ixrac əməliyyatları ilə qazandığı
maliyyəni Ukraynada dinc əhaliyə qarşı hücumlar üçün istifadə edir.
Bunu gizlətmək mümkün deyil”.
Belə ki, Ermənistan Rusiyadan idxal etdiyi bu məhsulları yerli
məhsullar adı altında digər ölkələrə ixrac edir. Əgər qiymətli və
ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların
Ermənistandan ixracının həcmi 2020-ci ildə cəmi 368,8 milyon ABŞ
dolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 8,4 milyard ABŞ
dollarından çox olub, 5 il ərzində 23 dəfə artıb. Beləliklə,
Ermənistan Rusiyadan sanksiyalara məruz qalmış malları idxal edir
və onları mənşəyini gizlədərək üçüncü ölkələrə öz məhsulu kimi
ixrac etməklə, Moskvanın sanksiyalardan yayınmasına aşkar
vasitəçilik edir.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur
İbrahimli qeyd edib ki, beynəlxalq sanksiyalardan yayınmaq
məqsədilə Rusiyanın Ermənistandan bir vasitə kimi istifadə etməsi
beynəlxalq hüquqa tam zidd bir əməldir. BMT Baş Assambleyasının
müvafiq qətnamələri beynəlxalq hüquqa zidd hərəkətlərə görə
dövlətlərin məsuliyyətini müəyyən edir. Başqa dövlətin beynəlxalq
hüquqazidd əməl törətməsinə şərait yaradan dövlət də beynəlxalq
məsuliyyət daşıyır. Rusiya və Ermənistanın arasında baş verən bu
hərəkətlərə məhz beynəlxalq hüququn müəyyən etdiyi bu prizmadan
yanaşılmalıdır.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin
iqtisadçı-eksperti Malik Həsənov qeyd edib ki, bu qanunsuz və
beynəlxalq qaydalara zidd ticarət əlaqələri region üzrə mövcud
iqtisadi vəziyyətə dair məlumatları təhrif edir və ciddi
yanlışlıqlar yaradır.
Brifinqdə qeyd edilib ki, Ermənistan məsuliyyətli və cəsarətli
davranmalı, Rusiyaya sanksiyalardan yayınmaq üçün dəhliz
verməməlidir. Bu Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş
qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq
edir.
Xatırladaq ki, bir neçə dəfə Azərbaycan QHT-ləri Rusiyaya qarşı
sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul
qurumların rəhbərlərinə açıq məktublar ünvanlayaraq, Ermənistanın
idxal-ixrac əməliyyatlarını təftiş etməyə çağırıb. Bu çağırışlarda
Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Cənubi Qafqazda ən
kiçik xarici ticarət dövriyyəsinə malik Ermənistanın idxal-ixrac
əməliyyatlarında iqtisadi potensialına uyğun olmayan
dəyişikliklərin müşahidə edildiyi faktlarla göstərilir.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair
hesabatını ingilis dilində Avropa və ABŞ-da Rusiya-Ukrayna
mövzusunu araşdıran beyin mərkəzlərinə də yollayacaq.


