Rövşən Nəcəf Suriyaya qaz ixracı barədə danışıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan təkcə Avropa üçün yox, daha geniş region üçün əsas
enerji tədarükçüsü mövqeyini möhkəmləndirir.

Trend xəbər verir
ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Astanada keçirilən KAZENERGY
Avrasiya forumunun açılışında etdiyi çıxışda deyib.

“Azərbaycan bu gün təkcə Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında deyil, həm də daha geniş regionda həlledici rol
oynayır”, – deyə R.Nəcəf bildirib və ölkənin enerji tədarükünün
sabitliyinə artan töhfəsini vurğulayıb.

O, yeni regional layihələrin həyata keçirilməsində əməkdaşlığa
görə Türkiyəyə xüsusi təşəkkürünü ifadə edib:

“Türkiyə ilə birlikdə biz kəskin şəkildə enerji ehtiyacı olan
Suriyaya qaz tədarükünə başlaya bildik. Bu gün ölkə inkişaf edir,
bərpa olunur, mürəkkəb keçid dövrünü yaşayır və enerji təchizatında
yardım onun üçün xüsusi əhəmiyyət daşıyır”.

SOCAR prezidentinin sözlərinə görə, bu əməkdaşlığa Qətər
tərəfdaşları da qoşulub:




“Türkiyə və Qətərdən olan tərəfdaşlarımızla birlikdə bu ilin
avqustunda Suriyaya qaz ixracına başladıq. Yarım il əvvəl isə bu,
planlarımızda yox idi. Amma biz bütün regionun enerji
təhlükəsizliyinin təmin edilməsində daha mühüm rol oynamağa
hazırıq”.

Perspektivlərdən söz açan Rövşən Nəcəf vurğulayıb ki,
Azərbaycanın bütün zəruri resursları olsa da, aydın öhdəliklər
lazımdır:

“Bizim kifayət qədər resurslarımız var və lazım olan yeganə şey
alıcılarla uzunmüddətli müqavilələr, həmçinin birgə
maliyyələşdirmədir. Çünki bizim reallaşdırmaq və sərmayə yatırmaq
niyyətində olduğumuz digər layihələr də mövcuddur”.

SOCAR rəhbəri həmçinin şirkətin transformasiyası barədə məlumat
verib:

“SOCAR bu gün inkişaf edir və tamdəyərli enerji şirkətinə
çevrilir. Biz fəaliyyətə neft şirkəti kimi başlamışdıq, daha sonra
qaz şirkəti olduq, indi isə artıq neft-qaz və enerji
şirkətiyik”.