Əcnəbilərin Gürcüstana gəlmə və ölkədə qalma qaydaları sərtləşdirilib

Baş səhifə

Bakı. Trend:

Əcnəbilərin Gürcüstana gəlmə, ölkədə qalma qaydalarını pozması
ilə bağlı qanun sərtləşdirilib.

Trend xəbər verir ki, yeni
qaydalara əsasən, ölkədən çıxarılma proseduru sadələşdirilir və
cərimələrin məbləği də artırılır.

Bu gündən qüvvəyə minən qanuna əsasən ölkədə qalma müddətini
pozan əcnəbilərə 1000 laridən 3000 lariyədək cərimə tətbiq ediləcək
və müəyyən müddət ərzində Gürcüstana girişlərinə qadağa
qoyulacaq.

Ölkənin “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklərə
görə, əcnəbilərin ölkədə qanuni qalma müddəti bitdikdən sonra 3 aya
qədər ölkədə qalan əcnəbi 1000 lari cərimələnəcək və 6 ay müddətinə
ölkəyə girişinə qadağa qoyulacaq.

Müddəti 1 ilə qədər aşan şəxslərə 2000 lari cərimə tətbiq
olunacaq və 2 il müddətinə ölkəyə girişi qadağan ediləcək.

1 ildən çox qanunsuz olaraq Gürcüstanda qalan şəxslərə isə 3000
lari cərimə və 3 il müddətinə giriş qadağası tətbiq ediləcək.

Gürcüstan ərazisində tranzit qaydalarını pozan əcnəbilərə 500
lari cərimə tətbiq ediləcək. Həmçinin əcnəbini qanunsuz əsaslarla
dəvət edən və ya xidmət göstərən fiziki və hüquqi şəxslərə
xəbərdarlıq və ya 2000 lari cərimə kəsiləcək (əvvəllər bu məbləğ
1000 lari idi).




Gürcüstan “Cinayət Məcəlləsi”nə görə isə oktyabrın 1-dən
etibarən Gürcüstan ərazisində cinayət törədən əcnəbilərin ölkədən
çıxarılması da sadələşdirilib.

Qanunla az ağır cinayətlər üçün 2 ildən 10 ilədək müddətə ölkəyə
giriş qadağan edilə bilər.

Ağır və xüsusilə ağır cinayətlər üçün bu qadağa 5 ildən 20
ilədək və ya müddətsiz ola bilər.

Məhkəmə qərarı ilə əcnəbinin ölkədə qalmasının məqsədəuyğun
olmadığı müəyyən edilərsə, deportasiya və giriş qadağası tətbiq
ediləcək.

Ekstradisiya prosesi davam edən hallarda deportasiya həyata
keçirilməyəcək. Yalnız həmin şəxsin ekstradisiyanı tələb edən
dövlətə göndərilməsi istisna təşkil edir.

Xatırladaq ki, bu ilin iyulunda Gürcüstan Parlamenti Daxili
İşlər Nazirliyinin hazırladığı “Beynəlxalq müdafiə haqqında” qanunu
qəbul edib. Qanun layihəsi ilə yanaşı, miqrasiya, sığınacaq
prosedurları və beynəlxalq müdafiə ilə bağlı ümumilikdə 18 qanuna
dəyişiklik edilib. Məqsəd qeyri-leqal miqrasiyanın və sığınacaq
prosedurlarından sui-istifadənin qarşısını almaqdır.