
Bakı. Trend:
“Sıfır emissiya zonaları” elan edilmiş Qarabağ və Şərqi
Zəngəzurda bərpaolunan enerji mənbələri fəal şəkildə tətbiq olunur,
12 şəhər və 90 kəndin baş planları hazırlanır.
Trend xəbər verir
ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar
Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.
Onun sözlərinə görə, son 4 il ərzində ölkədə 38 kiçik Su
elektrik stansiyası istismara verilib ki, bu da 620 min ton həcmdə
emissiyanın ixtisarına imkan yaradıb.
Azərbaycan davamlı şəhərsalma sahəsində iqlimədavamlı və
inklüziv şəhərlərin inkişafına yönəlmiş strateji təşəbbüslər təqdim
edib.
A.Quliyev vurğulayıb ki, şəhərlər dünya ÜDM-nin təqribən 80
faizini formalaşdırmaqla yanaşı, qlobal emissiyaların demək olar
ki, 70 faizinə və dünya enerji istehlakının üçdə ikisinə
cavabdehdir.
“Davamlı urbanizmin əsas aləti baş planlardır. Bu planlar 20
illik dövr üçün işlənib hazırlanır və mütəmadi olaraq yenilənir.
Hazırda ölkənin 79 şəhərindən 65-i üzrə baş plan yenilənib, daha
10-u təsdiqlənmə mərhələsindədir. Flqman nümunə isə Bakı-2040 Baş
Planıdır. Bu sənəd polisentrik inkişafı, mədəni irsin qorunmasını,
torpaqdan səmərəli istifadənin təmin olunmasını və ekoloji
məsuliyyətli şəhər mühitinin formalaşdırılmasını nəzərdə tutur”, –
deyə A.Quliyev bildirib.

