
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) çərçivəsində “İqlimə
Davamlı Aqrobiznes: Strategiyanın, investisiyanın və siyasətin
uzlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə
xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, kənd
təsərrüfatı naziri Məcnun Məmmədov, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə
regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Qutu, aqrar
sahədə fəaliyyət göstərən şirkət və assosiasiyaların nümayəndələri,
ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə
xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki,
iqlim dəyişikliyi həyatın bütün sahələrinə təsir etdiyi kimi, yeni
çağırışlar və imkanlar da yaradır. İqlim dəyişikliyinin aqrar
sahədə fəaliyyətə çətinliklərə səbəb olduğunu deyən Muxtar Babayev
qeyd edib ki, iqlimə uyğunlaşma ilə yanaşı, yeni çağırışlar fonunda
yaranan imkanlar dəyərləndirilməlidir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, iqlim
dəyişikliyi təkcə ekoloji deyil, həm də sosial-iqtisadi məsələdir.
İqlim dəyişikliyinin daha çox aqrar sahəyə təsir etdiyini deyən
Məcnun Məmmədov vurğulayıb ki, iqlim dəyişikliyi risklərini
azaltmaq, su və topraq resurslarından səmərəli istifadə etmək üçün
kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac var.
Nazir əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və
rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı
məqsədilə ardıcıl və sistemli tədbirlər görür, aqrar sahədə dövlət
dəstəyi tədbirləri genişləndirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və
Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi
Viorel Gutu isə öz növbəsində ərzaq təhlükəsizliyi, yeni
çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin
yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, bu
istiqamətlərdə qlobal əməkdaşlıq məsələlərinə toxunub. O qlobal
çağırışların təsirləri fonunda dayanıqlı aqro-ərzaq sistemlərinin
qurulmasının vacib olduğunu, rəqəmsal texnologiyaların geniş
tətbiqi ilə kənd təsərrüfatı sahəsinin üzləşdiyi riskləri minimuma
endirməyin və aqrar sahədə məhsuldarlığı artırmağın mümkün olduğunu
diqqətə çatdırıb
Tədbirdə çıxış edən natiqlər fermerlərə dəstək alətləri və
sahibkarlıq təşəbbüslərinin genişləndirilməsi, maliyyə
əlçatanlığının təmin olunması, aqrar sahəyə investisiya və digər
məsələlər barədə fikirlərini bölüşüb, aqrar sahənin inkişafı ilə
bağlı təkliflər səsləndiriblər.


