
Dezinformasiya, kiber-bullinq və trolçuluq ictimai dialoqa və
təhlükəsizliyə ciddi təhdidlər yaradır.
Trend xəbər verir
ki, bunu “Rəqəmsal transformasiya və media” mövzusunda II
Azərbaycan – Özbəkistan mediaforumunda Özbəkistan Kütləvi
İnformasiya Vasitələrinin Dəstəklənməsi və İnkişafı İctimai
Fondunun Himayəçilər Şurasının sədri Akramcon Fozilov deyib.
“Bu hallar KİV-ə və dövlət institutlarına inamı sarsıdır,
münaqişələrə təhrik edir və istifadəçilərin psixi sağlamlığına
mənfi təsir göstərir”,- deyə o qeyd edib.
Fozilov bildirib ki, bu gün ənənəvi media tədricən sosial
şəbəkələrə və fərdiləşdirilmiş kontent platformalarına yer verdiyi
bir dövrdə etik və peşəkar standartlar rəqəmsal məkanı tənzimləmək
və zərərlərin qarşısını almaq üçün heç vaxt olmadığı qədər
vacibdir.
“2023-cü ildən etibarən süni intellekt tərəfindən yaradılmış
səs, şəkil və videolardan istifadə etməklə edilən təhdidlərin sayı
kəskin artıb. Bu cür manipulyasiyalar təkcə reallığı təhrif etmir,
həm də demokratik institutlara, ictimai inama və vətəndaşların
təhlükəsizliyinə təhdid yaradır. Bu təhlükələri müəyyənləşdirmək
getdikcə çətinləşir. UNICEF-in məlumatına görə, 13–24 yaş arası hər
üç gəncdən biri kiberbullinqin qurbanı olub, demək olar ki, hər iki
böyüklərdən biri isə şəbəkədə təhqirlərə görə sosial narahatlıq
keçirir. Kalyari Universitetinin (University of Calgary)
araşdırmaları göstərir ki, internet istifadəçilərinin təxminən 57
faizi müxtəlif formalarda trolçuluqla üzləşib”, – deyə o
vurğulayıb.


