COP30-da adaptasiya üzrə qlobal məqsədin indikatorları qəbul ediləcək – UNFCCC

Baş səhifə

Bakı. Trend:

COP30-da adaptasiya üzrə qlobal məqsədin indikatorları qəbul
ediləcək.

Trend xəbər verir
ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
(UNFCCC) yüksək vəzifəli nümayəndəsi Dan İoşpe Bakı İqlim
Fəaliyyəti Həftəsinin iştirakçılarına ünvanladığı
video-müraciətində bildirib.

O, müraciətində vurğulayıb ki, Belendə keçiriləcək COP30-a gedən
yolda əsas vəzifələr ambisiyaların praktiki təşəbbüslərlə
birləşdirilməsi, həmçinin iqlim fəaliyyəti üzrə vahid qlobal
gündəliyin irəlilədilməsi olacaq. İoşpenin sözlərinə görə, mövcud
həllərin miqyasını genişləndirməklə yanaşı, yenilərini işləyib
hazırlamaq, xüsusən də adaptasiya və dayanıqlılığa xüsusi diqqət
yetirmək zəruridir.

O qeyd edib ki, 2024-cü ildə iqlim fəlakətlərindən dəymiş ziyan
320 milyard dollar təşkil edib və bu gün sual artıq adaptasiyaya
investisiya edə bilib-bilməməyimiz deyil, əksinə, bunu etməməyə
imkanımızın olub-olmamasıdır. Bununla belə, bütün iqlim
maliyyələşməsinin 5 faizindən az hissəsi adaptasiyaya
yönəldilir.




İoşpe vurğulayıb ki, COP30-da həlledici addım atılacaq –
adaptasiya üzrə qlobal məqsədin indikatorları qəbul ediləcək. Bu
isə irəliləyişi izləməyə və öhdəliklərin yerinə yetirilməsini
nümayiş etdirməyə imkan verəcək.

Uğurlu təşəbbüslərə misal olaraq o, sahilyanı icmaların
müdafiəsi üçün innovativ maliyyə və sığorta həllərinə 45,5 milyon
dollar yönəldən “Ocean Risk and Resilience Action Alliance”
alyansının fəaliyyətini, həmçinin “One Planet Business for
Biodiversity” qlobal koalisiyasının və ” Build Change” təşkilatının
nailiyyətlərini göstərib.

“Qlobal dayanıqlılıq yerli icmalardan və insanların fəal
iştirakından başlayır və bütün cəmiyyətin liderliyini tələb edir.
Biz adaptasiya və dayanıqlılıq üzrə tədbirləri sürətləndirməli,
insanı iqlim gündəliyinin mərkəzinə qoymalıyıq”,- deyə Dan İoşpe
yekunlaşdırıb.