
Bakı. Trend:
“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan
Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 27 Sentyabr – Anım
Günü ilə əlaqədar “Azərbaycan Evi”ndə “Zəfərə Gedən Yol” adlı
tədbir və eyni adlı qısa tamaşa nümayiş etdirilib.
Trend
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.
Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı
fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirlik
əməkdaşları, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı,
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Etibar Eminov,
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli
nümayəndəsi Məhəmməd Şamilov, Marneuli Bələdiyyə məclisinin sədr
müavini Tariyel Məmmədov eləcədə Marneuli meriyasının və bələdiyyə
məclisinin struktur bölmələrinin rəhbərləri, ictimaiyyət
nümayəndələri, gənclər, din xadimləri, 44 günlük Vətən
müharibəsində Gürcüstan əsilli şəhidlərin ailə üzvləri və ziyalılar
iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və
suverenliyi uğurunda canından keçən şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək
1990-cı illərdən davam edən Azərbaycan-Ermənistan münaqişəsi
haqqında məlumat verib, tarixi torpaqlarımızın qısa müddət ərzində
işğaldan azad edildiyini bildirib.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq
Quliyev Gürcüstanda yaşayan azərbaycanlıların müharibə dövründə və
ondan sonrakı müddətdə Azərbaycana mənəvi dəstək göstərdiklərini,
Marneulidə, eləcə də Gürcüstanın digər bölgələrində keçirilən
aksiyalarda Azərbaycanla həmrəylik nümayiş etdirdiklərini qeyd
edib.
Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və
uzaqgörən rəhbərliyi ilə uzun illər işğal altında olan torpaqların
azad olunmasını böyük tarixi nailiyyət adlandırıb və Ağ Evdə baş
tutan tədbirin bu zəfərin təntənəsinə çevrildiyini bildirib.
Tədbirdə iştirak edən şəhid Orxan Məhərrəmovun nənəsi Nazan
Məhərrəmova və şəhid Bilal Qənbərovun bibisi Qiyafət Qənbərova da
çıxış edərək şəhidlərin əziz xatirəsinin unudulmadığını və daim
hörmətlə anıldığını bildiriblər.
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov və
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli
nümayəndəsi Məhəmməd Şamilov şəhid ailələrinə göstərilən diqqət və
qayğının dinimizin və milli-mənəvi dəyərlərimizin ayrılmaz bir
hissəsi olduğunu xüsusi qeyd etdilər.
Tədbirin davamında ictimai-siyasi xadimlər — Azər Süleymanov,
Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn
Yusibov və digər çıxışçılar söz alaraq, 44 günlük Vətən
müharibəsinin Azərbaycan xalqının tarixində qızıl hərflərlə
yazıldığını vurğulayıblar.
Tədbirin ikinci hissəsində Gürcüstandakı Azərbaycandilli
Məktəblər Birliyinin rəhbəri Esmira Ələkbərlinin müəllifi olduğu
“Zəfərə gedən yol” adlı qısametrajlı tamaşa nümayiş etdirilib.
Tamaşa Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi
qəhrəmanlıq, xalqın birliyi və şəhidlərin fədakarlığı mövzusunda
həsr olunub. Məktəblilərin ifasında təqdim olunan səhnə əsəri
tamaşaçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.
Tamaşada rol alan məktəblilər “Azərbaycan Evi” tərəfindən
təşəkkürnamələrlə təltif olunublar.


