
Bakı. Trend:
Bakıda, COP29-da verilən vədlər insanların və icmaların görə
biləcəyi real addımlara çevrilməlidir.
Trend xəbər verir
ki, bunu BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının
icraçı katibi Saymon Still Bakı İqli Fəaliyyəti Həftəsi
çərçivəsində keçirilən tədbirdə etdiyi videomüraciətdə
bildirib.
Onun sözlərinə görə, bu gün milli iqlim planlarını yerində
investisiya edilə bilən həllərə çevirmək və həm dövlət, həm də özəl
investisiyaları cəlb edəcək layihələr formalaşdırmaq vacibdir. Eyni
zamanda, proqnozlaşdırıla bilən siyasi çərçivələrin və
razılaşdırılmış biznes strategiyalarının yaradılması zəruridir.
“Milli iqlim planları razılaşdırılmış biznes strategiyaları ilə
üst-üstə düşdükdə iqlim tədbirlərini genişləndirmək asanlaşır.
Burada özəl sektor əsas rol oynayır. Burada biznes yalnız hədəflər
qoymaqla deyil, artıq real investisiyalar edərək iddialarını
göstərir,”- deyə S. Still vurğulayıb.
Onun sözlərinə görə, hökumətlər investorlar üçün riskləri
azaldan, uzunmüddətli həlləri təşviq edən şəffaf və
proqnozlaşdırıla bilən şərait yaratmalıdırlar. Biznes isə yalnız
kapital təqdim etməklə kifayətlənməyib, həllərin genişləndirilməsi
üçün məlumat, texnologiya və təcrübəsini bölüşməlidir.
“Bakı İqlim Fəaliyyəti Həftəsi məhz buna yönəlib — vədlərdən
layihələrə, iddialardan fəaliyyətə keçid. Biz göstərməliyik ki,
iqlim gündəliyi xərc deyil, güclü iqtisadiyyatlara, dayanıqlı
cəmiyyətlərə və daha təhlükəsiz dünyaya aparan yoldur,”- deyə S.
Still vurğulayıb.


