Mingəçevir su anbarı və Kür çayında qanunsuz balıq ovu faktları aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi
tərəfindən Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının
iştirakı ilə qanunsuz balıq ovuna qarşı reydlər davam
etdirilir.

Trend
xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Mingəçevir su anbarı ərazisində keçirilmiş
növbəti reyd zamanı balıqovlama bileti olmadan qanunsuz ov edən bir
qrup şəxs saxlanılıb. Yoxlama zamanı saxlanılan Yevlax rayonu
Xanabad kənd sakinləri İsmayılov Əbil Qerasin oğlu, Həsənov Şakir
Şəmsəddin oğlu və İsmayılov Sənan Mənsur oğlundan 2 ədəd dəmir
qayıq, 4 ədəd avar, 51 ədəd sıf balığı, 191 ədəd şahmayı balığı, 8
ədəd çapaq, 10 ədəd daban balığı və 2 ədəd tor aşkar edilərək maddi
sübut kimi götürülüb. Vətəndaşların qanunsuz ov nəticəsində təbiətə
8715 manat dəyərində zərər vurduğu müəyyənləşib. Faktla bağlı
qanunvericiliyə uyğun tədbirlər görülüb.

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində aparılan
nəzarət tədbirləri zamanı qadağan olunmuş ov aləti – elektrik
cərəyanı ilə balıq ovu edən şəxslər saxlanılıb. Qanunsuz ov edən
Tovuz rayonunun Hunanlar kənd sakinləri – 2001-ci il təvəllüdlü
Məmmədov Elnur Səməd oğlu və 1996-cı il təvəllüdlü Quliyev Taleh
Salman oğlundan 1 ədəd rezin qayıq, 2 ədəd domca, 2 ədəd elektrik
akkumulyatoru və 93 ədəd xramulya balığı maddi sübut kimi
götürülüb. Təbiətə dəymiş ziyanın məbləği 1023 manat
qiymətləndirilib və faktla bağlı cinayət işi başlanıb.




Ümumilikdə, qanunsuz balıq ovunun qarşısının alınması zamanı
təbiətə 9198 manat zərər dəyməsi müəyyən edilib.

Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının
qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq
dövlət qurumları tərəfindən reydlər davam etdirilir.

İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu
qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni
tədbirlər görüləcək.