SOCAR Green “yaşıl” layihələrin ümumi gücünü açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Dövlət neft-qaz şirkəti SOCAR-ın “yaşıl” bölməsi olan “SOCAR
Green” bərpa olunan enerji mənbələri (BEM) sahəsində ümumi gücü
1,66 Qvt olan layihələri həyata keçirir.

Trend xəbər verir
ki, bunu SOCAR Green günəş və külək enerjisi üzrə mütəxəssisi Elçin
Tarquliyev Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya
Yaşıl Enerji Həftəsində (Azerbaijan & Central Asia Green Energy
Week 2025) çıxışında deyib.




Onun sözlərinə görə, SOCAR Green 2024-cü il 1 mart tarixində
yaradılıb və SOCAR-ın müasir enerji şirkətinə çevrilməsində əsas
zəncirdir. Şirkət “yaşıl” layihələrin inkişafına və karbon izini
azaltmaq hədəfinə cavabdehdir: 2035-ci ilə qədər emissiya
intensivliyini 30% və mütləq emissiyanı 20% azaltmaq, 2050-ci ilə
qədər isə karbon neytrallığına nail olmaq.

Hazırda “SOCAR Green”-in portfelində BƏƏ və Çin ilə əməkdaşlıq
çərçivəsində iri layihələr mövcuddur. Masdar ilə birgə ümumi gücü 1
Qvt olan layihələr həyata keçirilir: Biləsuvarda 445 meqavat günəş
enerjisi, Neftçalada 315 meqavat günəş stansiyası və Abşeronda 240
meqavat külək parkı. Həmçinin şirkət virtual enerji ötürülməsini
nəzərdə tutan “Şəfəq” (240 meqavat) innovativ layihəsi üzərində
işləyir; layihə Cəbrayildəki günəş stansiyasından Səngəçal neft-qaz
terminalına enerji ötürülməsini təmin edəcək.