bp-nin “Şəfəq” layihəsi enerji keçidinin bariz nümunəsi olacaq – Bəxtiyar Aslanbəyli

Baş səhifə

Bakı. Trend:

“Şəfəq” günəş enerjisi layihəsi ilə bağlı yekun investisiya
qərarı qəbul edilib, bu, bp-nin Azərbaycanda günəş enerjisi
sahəsindəki ilk layihəsi və şirkətin ölkə ilə 30 illik strateji
tərəfdaşlığı çərçivəsindəki ilk layihəsidir.

Trend xəbər verir
ki, bunu bp-nin Xəzər dənizi bölgəsində kommunikasiya və xarici
əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA
Universitetində keçirilən Birinci Azərbaycan Britaniya Siyasi
Dialoqu adlı tədbirdə çıxışı zamanı deyib.

“Biz fəxr edirik ki, bu layihə Azərbaycanın işğaldan azad
olunmuş ərazilərində reallaşdırılacaq. Bu layihəyə təkcə kommersiya
və mühəndislik əhəmiyyəti yox, həm də milli əhəmiyyət qatır”, –
deyə o vurğulayıb.




Onun sözlərinə görə, layihə təxminən 240 meqavatlıq günəş
enerjisi istehsal etməyə imkan verəcək.

“Azərbaycan hökuməti ilə bağlanmış xüsusi sazişə uyğun olaraq,
əldə olunan elektrik enerjisi milli enerji sisteminə yönəldiləcək.
Əvəzində isə şəbəkənin digər hissələrindən bərabər həcmdə enerji
Səngəçal terminalına yönəldiləcək və bp-nin və tərəfdaşlarımızın
neft-qaz obyektlərinin fəaliyyətini təmin etmiş olacaq”,- deyə
vitse-prezident aydınlaşdırıb.

Aslanbəyli layihənin innovativ xarakterini də qeyd edib: “Mənim
fikrimcə, bu enerji keçidi ilə bağlı eşitdiyim ən yaxşı hekayədir.
Təkcə bizim layihədir deyə demirəm. Düşünün: zəngin neft-qaz irsinə
malik ölkədə ənənəvi enerji şirkəti hidrokarbonlardan əldə etdiyi
gəlirin bir hissəsini günəş enerjisinə təkrar investisiya edir. Bu
günəş enerjisi isə, öz növbəsində, investisiyaları mümkün etmiş
həmin neft-qaz obyektlərinin karbonsuzlaşdırılması üçün istifadə
olunur. Nəticədə Səngəçal terminalının istismar müddəti ərzində
yaranan emissiyaları 50 faiz azalacaq”.