Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli
Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

Trend xəbər
verir ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq
münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan ilə Serbiya arasında fəal siyasi dialoqun qurulduğu
qeyd edilib, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində,
xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman
bir-birini dəstəklədiyi bildirib.

Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin
inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli
əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində
səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ilə Serbiya arasında ticarət-iqtisadi,
investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, humanitar və digər
sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.