TikTokda canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib

Baş səhifə

Bakı. Trend:

TikTokda canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan
azyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib.

Trend xəbər verir ki, bu sözləri Ailə,Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur
Mərdanoğlu öz sosial şəbəkə hesabında yazıb.




O bildirib ki, Tərtər rayonunda qeydiyyatda olan, Bərdə rayon
sakini 24 yaşlı qadının “Tiktok” sosial media hesabında canlı yayım
açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə
vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli
vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini
tapmışdır.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
aidiyyəti qurumlarla birlikdə dərhal araşdırma başlanılmışdır.
Hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis
İdarəsinə aparılmış, protokol tərtib edilərək qərar verilməsi
məqsədilə məhkəməyə göndərilmişdir, uşaq isə sağlamlığının
yoxlanılması ilə bağlı xəstəxanaya yerləşdirilmişdir. Hazırda,
yerli icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, ananın valideynlik
hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılmışdır.
Eyni zamanda, azyaşlının müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi
də təmin olunub”,- deyə o əlavə edib.