Son 15 ildə “Carlsberg” Azərbaycana 101 milyon dollar investisiya qoyub

Baş səhifə

Bakı. Trend:

Son on beş ildə “Carlsberg” Azərbaycanda istehsal
avadanlıqlarına, təchizat zəncirinə və ümumilikdə pivə bazarına 101
milyon dollardan çox investisiya qoyub.

Trend xəbər
verir ki, bunu “Carlsberg Azərbaycan”nın Baş icraçı direktoru Alius
Antulis bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumunun ikinci günündə bildirib.




Onun sözlərinə görə, bu investisiya nəticəsində pivə zavodunda
250-dən çox birbaşa iş yeri yaranıb və əlaqədar sənaye sahələrində
3000-dən çox insan çalışır: “Bizim əsas diqqətimiz həmişə arpa və
maltın yerli istehsalına yönəlib. 2021-ci ilə qədər Azərbaycan
tamamilə arpa idxalçısından yerli yüksək keyfiyyətli xammal
istehsalçısına çevrildi. 2021-ci ildə “Carlsberg” İqtisadiyyat
Nazirliyi ilə Anlaşma Memorandumu imzalayaraq istehsal və sənaye
inkişafına, o cümlədən ESG (Ətraf Mühit, Sosial və İdarəetmə)
proqramına investisiya qoymağı öhdəsinə götürdü.
Bu razılaşma çərçivəsində “Carlsberg” 25 milyon manatlıq
investisiya qoymağı vəd etmişdi və biz bu vədin 2024-cü ildə bir il
əvvəl reallaşdığını deməkdən qürur duyuruq.

“2025–2029-cu illəri əhatə edən yeni memorandum isə əlavə olaraq
30 milyon manatlıq investisiyanı nəzərdə tutur. Bu çərçivədə yerli
arpa və malt istehsalının dəstəklənməsi əsas məqsədlərdən biridir”,
– deyə şirkət rəsmisi qeyd edib.