Bakı. Trend:
Macarıstanın ən böyük kənd təsərrüfatı universiteti və
elmi-tədqiqat institutu Azərbaycanda filial açmaqla maraqlanır.
Trend xəbər
verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov
bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunun ikinci günündə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi, logistika
imkanları və iqlim şəraiti burada insan kapitalına və sərmayəyə
qoyulan diqqətin vacibliyini göstərir: “Məsələn, Macarıstanın ən
böyük kənd təsərrüfatı universiteti və elmi-tədqiqat institutu
Azərbaycanda filial açmaqla maraqlanır. Bu, yalnız investisiyaya
deyil, həm də təhsilə sərmayə qoyuluşuna marağı göstərir”.
“Nəticə olaraq qeyd etmək istərdim ki, təhsil və elmi-tədqiqat
fəaliyyəti Azərbaycanda əlavə dəyər yaradan məhsullara
investisiyanın əsasını təşkil edir və dövlət bu istiqamətdə
dəstəyini davam etdirəcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda
yerli fermerlərlə birlikdə çalışırıq. Beynəlxalq investorlar da
azad edilmiş ərazilərdə üzümçülük, qida emalı və fındıqçılıq
sahələrində investisiya qoymaqla maraqlanırlar”, – deyə nazir
vurğulayıb.

