
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Arbaycandakı
layihələrə 1,2 milyard ABŞ dolları həcmində investisiya
yatıracaq.
Trend xəbər
verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin MDB
ölkələri üzrə İnkişaf və İnvestisiya rəhbəri Məryəm Al Mazroyi
Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda
bildirib.
O xatırladıb ki, “Masdar” Azərbaycanda ilk böyük utility ölçülü
bərpa olunan enerji layihəsini həyata keçirdi və bu layihə hazırda
artıq demək olar ki, iki ildir fəaliyyət göstərir: “Bu, 230
meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasıdır.
“Baku Energy Week” çərçivəsində strateji tərəfdaşımız SOCAR ilə
birgə Azərbaycanda əlavə 1 gigavatlıq layihələrin inkişafı üçün çox
önəmli bir razılaşma imzaladıq. Bu layihələrə hal-hazırda
tikilməkdə olan iki günəş elektrik stansiyası daxildir. Üçüncü
layihə isə 240 meqavatlıq quru tipli külək enerjisi layihəsidir. Bu
layihələrlə “Masdar” Azərbaycanda təxminən 1,2 milyard ABŞ dolları
həcmində investisiya həyata keçirmiş olacaq”.
“Masdar” rəsmisi qeyd edib ki, onlar tərəfdaşları ilə birgə
ölkədə əlavə bərpa olunan enerji layihələrinin inkişafını da
araşdırır: “Xüsusilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq və yaşıl
elektrik enerjisinin Avropaya ixracını təmin edən bir koridorun
yaradılması təşəbbüsləri çərçivəsində bu imkanlar daha da
genişlənəcək.
Biz bölgədə, o cümlədən Özbəkistanda da fəal fəaliyyət
göstəririk. Özbəkistanda ən böyük investorlarımızdan biriyik və
artıq sözügedən ölkəyə 2 milyard ABŞ dolları həcmində investisiya
qoymuşuq. Bu, 2 giqavatlıq bərpa olunan enerji layihələrini əhatə
edir: əsasən günəş enerjisi və 500 meqavatlıq quru tipli külək
layihəsi”.
Hazırda Qazaxıstanda da fəal işlədiklərini deyən “Masdar”
rəsmisi bildirib ki, burada regionun ən böyük layihələrindən biri
olan 1 giqavatlıq quru külək enerjisi layihəsi həyata keçirilir: “Həmçinin 600 meqavat-saatlıq sürətli enerji saxlama sistemini
layihəyə inteqrasiya edirik. Bundan əlavə, bölgədə Gürcüstan,
Ermənistan, Tacikistan və Özbəkistan kimi ölkələrdə də əlavə
layihələri araşdırırıq.
Regionda, o cümlədən Özbəkistan, Qazaxıstan və Azərbaycanda,
artıq maliyyələşdirilə bilən çərçivələr tətbiq olunub. Bu
çərçivələr layihələrin inkişafını asanlaşdırır və inkişaf edən
layihələrə DFİ-lərin (Development Finance Institutions)
investisiyasını cəlb edir. İndi, məsələn, 600 və ya 200 meqavatlıq
layihə elan etdikdə, kapitala çıxış əldə etmək çox asandır”.
Məryəm Al Mazroyi qeyd edib ki, texniki baxımdan diqqət
yetirilməsi vacib olan ilk məqam şəbəkə infrastrukturu və onun
çevikliyidir: “Çünki bərpa olunan enerji resursları adətən tələbin
olduğu yerlərdən uzaqda yerləşir. Bu səbəbdən müasir, rəqəmsal və
bəzi enerji saxlama həllərini (batareya və ya su anbarı saxlama
sistemləri) əhatə edən şəbəkə infrastrukturu zəruridir. Bu,
layihələrin tətbiqinin sistemin inkişafına töhfə verməsini təmin
etmək üçün vacibdir.
Digər vacib məqam siyasət, tənzimləmə və çərçivədir. Bərpa
olunan enerji layihələri üçün müəyyən hədəflər təyin etmək asandır,
lakin çərçivənin effektiv olması, icazə proseslərinin sadə olması
və xarici investorları cəlb etmək üçün çoxlu mürəkkəb addımların
tələb olunmaması daha önəmlidir”.
“Son vacib məqam isə bacarıqlar və təchizat zənciridir. Lazımi
texniki bacarıqları tapmaq bəzən çətin olur. “Masdar” olaraq biz
layihələrin həyata keçirilməsi və idarə olunmasında yerli
bacarıqların inkişafına xüsusi diqqət yetiririk. “Qaradağ” Günəş
Elektrik Stansiyası layihəsi hazırda 100% Azərbaycan tərəfindən
idarə olunur. Biz yerli heyətin layihəni idarə etmək üçün lazımi
texniki bacarıqları əldə etməsinə böyük vaxt və səy sərf
edirik.
Eyni zamanda, təchizat zənciri də çətinliklərdən biridir. Günəş,
külək, batareya saxlama kimi layihələrdə təchizat zəncirindəki
məhdudiyyətlər qiymətlərin artmasına səbəb ola bilər. Bu da bərpa
olunan enerji sektorunda hazırda qarşıya çıxan vacib çağırışlardan
biridir”, – deyə “Masdar” rəsmisi əlavə edib.


