Qida məhsulları risk balı üzrə təsnifatlaşdırılıb

Cəmiyyət


Qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsulların risk balı üzrə Təsnifatı müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, risk səviyyəsindən asılı olaraq məhsullar b risk balı üzrə təsnifləşdirilir. İdxal edilmiş hər məhsul növünə münasibətdə idxalatçı və istehsal və ya emal obyekti də nəzərə alınmaqla idxal əməliyyatı tarixçəsi formalaşdırılır.

İdxal əməliyyatı tarixçəsi məhsul növünün hər bir idxalatçısı, istehsal və ya emal obyektinə münasibətdə, o cümlədən aşağıda qeyd edilən hallarda ayrı-ayrı formalaşdırılır:

– idxal olunmuş məhsul partiyalarında eyni obyektdə istehsal və ya emal olunmuş birdən çox məhsul növü olduqda – hər bir məhsul növü üçün;

– idxal olunmuş məhsul partiyalarında birdən çox obyektdə istehsal və ya emal olunmuş eyni məhsul növü olduqda – hər bir obyektdə istehsal və ya emal olunan məhsul növü üçün.

İdxal əməliyyatı tarixçəsi ilk dəfə yaradıldıqda və ya fiziki nəzarət tədbirləri nəticəsində uyğunsuzluq aşkarlandıqda məhsul növləri müsbət idxal əməliyyatı tarixçəsi yarananadək eynilik və fiziki nəzarət tədbirlərinə cəlb olunur.

Müsbət idxal əməliyyatı tarixçəsi məhsul növlərinin risk balından asılı olaraq aşağıdakı qaydada formalaşır:

– risk balı 1 olan məhsul növləri üzrə – 1 fiziki nəzarət tədbirinin nəticəsi uyğun olduqda;

– risk balı 2 olan məhsul növləri üzrə – 2 ardıcıl fiziki nəzarət tədbirinin nəticələri uyğun olduqda;

– risk balı 3 olan məhsul növləri üzrə – 3 ardıcıl fiziki nəzarət tədbirinin nəticələri uyğun olduqda.

Müsbət idxal əməliyyatı tarixçəsi formalaşmamış və bununla bağlı eynilik və fiziki nəzarətə cəlb edilmiş məhsul növünə tətbiq edilən fiziki nəzarətin nəticələri müəyyən edilmədən əvvəl, eyni idxalatçı tərəfindən eyni obyektdə istehsal və ya emal olunan eyni məhsul növünün idxalı ilə bağlı yeni müraciət daxil olduqda həmin məhsul növünə eynilik və fiziki nəzarət tədbirləri tətbiq olunur. Müsbət idxal əməliyyatı tarixçəsi formalaşdıqdan sonra məhsul növləri aşağıda nəzərdə tutulan dövriliklə eynilik və fiziki nəzarət tədbirlərinə cəlb edilir:

– risk balı 1 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 12 faizi;

– risk balı 2 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 17 faizi;

– risk balı 3 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 34 faizi.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir