
Bakı. Trend:
Özbəkistana beynəlxalq investorların cəlb olunması üçün əsas
amillər tənzimləmənin müəyyən olması, bank tranzaksiya sənədlərinin
mövcudluğu və kredit zəmanətləri və qarışıq maliyyələşdirmə kimi
risklərin azaldılması mexanizmləridir.
Trend xəbər verir
ki, bunu Asiya İnkişaf Bankının (AİB) baş investisiya mütəxəssisi
Əli Malik “Azərbaycan- Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi”
tədbirində çıxışı zamanı deyib.
Ekspertin sözlərinə görə, Özbəkistana investorların cəlbində
dönüş nöqtəsi IFC-nin dəstəyi ilə həyata keçirilən “Navoi Solar”
(100 MVt) layihəsindən başlayıb, bundan sonra isə AİB iri
layihələri, o cümlədən “Summer Solar”ı maliyyələşdirib. O bildirib
ki, siyasətdə ardıcıllıq həlledici amil olaraq qalır və AİB-in
təqdim etdiyi qismən kredit zəmanətləri investorlar üçün inam
yaradır, çünki ofteykerin defoltu halında öhdəliklərə AAA reytinqli
institut təminat verir.
Bundan əlavə, Əli Malik qarışıq maliyyələşdirmənin tətbiqinin
əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu, birinci tip
layihələri daha dayanıqlı edir və tariflərin azalması hesabına son
istehlakçılar üçün fayda təmin edir.

