
Bakı. Trend:
ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın jurnalist Elizabet
Cin Kerrollun cinsi qısnama iddiası ilə bağlı iş üzrə verdiyi
apellyasiya şikayətinə baxmaqdan imtina edib. Bununla da aşağı
instansiya məhkəməsinin Trampın məsuliyyət daşıdığına dair qərarı
qüvvədə qalıb.
Söhbət 2023-cü ilin mayında yekunlaşan məhkəmə prosesindən
gedir. Həmin qərara əsasən, Donald Tramp Elizabet Cin Kerrolla 5
milyon dollar məbləğində təzminat ödəməyə məhkum edilmişdi.
Bundan əlavə, 2024-cü ilin yanvarında keçirilən digər məhkəmə
prosesində andlılar heyəti Trampın böhtan ittihamı üzrə Kerrolla
83,3 milyon dollar ödəməsi barədə qərar çıxarmışdı. Həmin qərarla
bağlı federal apellyasiya məhkəməsinə müraciət edilib. ABŞ Ali
Məhkəməsi isə ilk iş üzrə apellyasiya şikayətini qəbul etməməsinin
səbəblərini açıqlamayıb.
Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi may ayında Elizabet Cin
Kerroll barəsində araşdırmaya başlayıb. Araşdırma onun Donald
Trampa qarşı iddiaları zamanı yalan ifadə vermiş ola biləcəyi
ehtimalı ilə əlaqədardır. Bildirilir ki, Kerroll 2022-ci ildə
məhkəmə iddiasını qaldırmaq üçün kənar maliyyə dəstəyi almadığını
bəyan etsə də, sonradan milyarder Rid Hoffmanın onun hüquqi
xərclərinin bir hissəsini qarşıladığı üzə çıxıb.
Kerroll iddia edir ki, Donald Tramp onu 1996-cı ildə
Nyu-Yorkdakı mağazalardan birində cinsi zorakılığa məruz qoyub.
Andlılar heyəti zorlama faktını təsdiqləməsə də, Trampı cinsi
qısnamada təqsirli hesab edib. Donald Tramp və vəkilləri isə
ittihamların siyasi motiv daşıdığını bildirirlər. ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsindəki paylaşımında Kerrollu demək
olar ki, tanımadığını və iddianın siyasi məqsədlərlə irəli
sürüldüyünü bəyan edib.

