Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun
inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd
şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən
istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və
rahatlığını təmin etməkdir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
məlumat verilib.

Bildirilib ki, kəsintisiz mikromobillik zolağının təşkili üçün
mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu
istiqamətdə işlər metronun “Elmlər Akademiyası” stansiyası
ətrafında və əlaqəli küçə-prospektlərdə görülür.




Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən
mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər Əbdürrəhim bəy
Haqverdiyev küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən
İnşaatçılar prospekti ilə kəsişməsinə kimi aparılır.

Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata
keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik
sədlərinin quraşdırılmasına başlanılacaq.

Qeyd olunub ki, növbəti mərhələdə isə mikromobillik zolaqları
İnşaatçılar prospektində təşkil ediləcək və paytaxtın mərkəzi
küçələrində mövcud olan zolaqlarla daha bir istiqamətdən
əlaqələndirmə təmin ediləcək. Xatırladaq ki, daha öncə bu
əlaqələdirmə digər istiqamətdən Mikayıl Müşfiq küçəsi vasitəsilə
həyata keçirilmişdir.