Bakı. Trend:
Kiyevdə keçirilən Azərbaycan-Ukrayna yüksəksəviyyəli görüşləri
ilk baxışdan iki ölkənin xarici işlər nazirlərinin növbəti
diplomatik təması kimi görünə bilər. Lakin səfərin məzmunu,
müzakirə olunan məsələlərin əhatə dairəsi və verilən mesajlar
göstərir ki, söhbət təkcə ikitərəfli münasibətlərin cari
vəziyyətindən deyil, həm də Cənubi Qafqaz və Qara dəniz regionunda
formalaşan yeni geosiyasi reallıqlar fonunda strateji tərəfdaşlığın
növbəti mərhələsindən gedir. Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramovun Ukraynaya səfəri məhz bu baxımdan diqqət
çəkir.
Azərbaycan və Ukrayna münasibətlərinin əsas fərqləndirici
xüsusiyyəti ondan ibarətdir ki, tərəflər müxtəlif geosiyasi
mühitlərdə fəaliyyət göstərsələr də, dövlətlərin suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq hüququn aliliyi məsələlərində uzun
illərdir, eyni mövqedən çıxış edirlər. Kiyevdə keçirilən görüşlər
zamanı bu prinsip bir daha təsdiqləndi. Ceyhun Bayramov
Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyini bir
daha bəyan etdi. Ukraynanın xarici işlər naziri Andriy Sıbiha isə
öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün də
Kiyev tərəfindən eyni ardıcıllıqla dəstəkləndiyini vurğuladı. Bu
qarşılıqlı yanaşma son illərdə münasibətlərin siyasi əsasını daha
da möhkəmləndirib.
Diqqət çəkən məqamlardan biri də odur ki, Bakı bu mövqeyini
nümayiş etdirərkən eyni zamanda münaqişələrin yalnız diplomatik
vasitələrlə həllini də ön plana çıxarır. Ceyhun Bayramovun mətbuat
konfransında hərbi əməliyyatların mümkün qədər tez
dayandırılmasının və danışıqlar prosesinin beynəlxalq hüquq
əsasında bərpa edilməsinin vacibliyini vurğulaması Azərbaycanın
uzun illər ərzində formalaşdırdığı xarici siyasət kursunun
davamıdır. Bu yanaşma təsadüfi deyil. Azərbaycan özü də uzun illər
beynəlxalq hüququn selektiv tətbiqinin nəticələri ilə üzləşmiş
dövlət kimi münaqişələrin hüquqi prinsiplər əsasında həllinin
vacibliyini ardıcıl şəkildə müdafiə edir.
Rəsmi mövqe: Strateji tərəfdaşlığın gündəliyi
genişlənir
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə,
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində əvvəlcə
Andriy Sıbiha ilə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibli görüş keçirilib. Danışıqlar zamanı
strateji tərəfdaşlığın gündəliyində yer alan əsas istiqamətlər –
siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, enerji, humanitar
əlaqələr, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətraflı
müzakirə olunub.
Tərəflər Xarici İşlər Nazirlikləri arasında siyasi
məsləhətləşmələr mexanizminin, İqtisadi Əməkdaşlıq üzrə
Hökumətlərarası Birgə Komissiyanın və Biznes Şurasının əməkdaşlığın
inkişafındakı rolunu yüksək qiymətləndiriblər. Görüşdə son dövrdə
ticarət dövriyyəsində müşahidə olunan bərpa meylləri də müsbət
qiymətləndirilib və iqtisadi əlaqələrin daha da genişləndirilməsi
istiqamətində fikir mübadiləsi aparılıb.

Regional məsələlərə dair müzakirələr zamanı Azərbaycan bir daha
Ukraynada hərbi əməliyyatların dayandırılmasının və münaqişənin
beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik
vasitələrlə həllinin tərəfdarı olduğunu bəyan edib. Eyni zamanda,
Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha
təsdiqlənib.
Humanitar diplomatiya siyasi dialoqu
tamamlayır
Müasir beynəlxalq münasibətlərdə dövlətlərin tərəfdaşlıq
səviyyəsi artıq yalnız siyasi bəyanatlarla ölçülmür. Praktiki
əməkdaşlıq, böhran dövründə göstərilən dəstək və uzunmüddətli
layihələr münasibətlərin real məzmununu müəyyən edən əsas
amillərdən hesab olunur. Azərbaycanın Ukraynaya münasibətdə
yürütdüyü siyasət də məhz bu model üzərində qurulub.
Görüşdə Ukrayna tərəfi də humanitar məsələlərə xüsusi diqqət
ayırıb. Andriy Sıbiha Qara və Azov dənizlərində hərbi əməliyyatlar
nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması
ilə əlaqədar başsağlığı ifadə edib, həlak olanların ailələrinə
başsağlığı verib, yaralananlara isə tezliklə sağalmalarını
arzulayıb.
Andriy Sıbihanın Qara və Azov dənizlərində hərbi əməliyyatlar
nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması
ilə bağlı başsağlığı verməsi də münasibətlərin humanitar tərəfinin
daha bir göstəricisi idi. Bu, iyul ayında Odessa sahilləri
yaxınlığında “Atlas Bey” mülki ticarət gəmisinin pilotsuz uçuş
aparatı ilə hücuma məruz qalması nəticəsində Azərbaycan
vətəndaşlarının zərər çəkməsi fonunda xüsusi əhəmiyyət daşıyır.
Həmin hadisədən sonra Azərbaycanın Ukraynadakı Səfirliyi operativ
konsulluq tədbirləri həyata keçirdi, ekipaj üzvlərinin təxliyəsini
təmin etdi, həlak olmuş gəmi kapitanı Səməd Nəsrullayevin
cənazəsinin Azərbaycana gətirilməsini təşkil etdi. Xarici İşlər
Nazirliyinin münaqişə zonalarında və yüksək riskli marşrutlarda
işləyən Azərbaycan vətəndaşlarına ünvanladığı növbəti xəbərdarlıq
da dövlətin öz vətəndaşlarının təhlükəsizliyinə verdiyi önəmin
davamı idi.
Nazirlər görüş zamanı, həmçinin Azərbaycanın Ukraynaya
göstərdiyi humanitar dəstəyi də ətraflı nəzərdən keçiriblər.
Bildirilib ki, hərbi eskalasiyanın başlanmasından indiyədək
Azərbaycanın humanitar yardımlarının ümumi həcmi 50 milyon ABŞ
dollarını ötüb. Bu yardımlar təkcə ərzaq və tibbi ləvazimatlarla
məhdudlaşmayıb. Enerji infrastrukturunun bərpası, elektrik
avadanlıqlarının göndərilməsi, sosial obyektlərin yenidən
qurulması, İrpində Akademik Zərifə Əliyeva adına 12 nömrəli
Linqvistik Liseyin və Mərkəzi Şəhər Xəstəxanasının bərpası, eləcə
də 700 ukraynalı uşağın Azərbaycanda reabilitasiya və psixoloji
dəstək proqramlarına cəlb olunması Azərbaycanın daha uzunmüddətli
humanitar yanaşmasını nümayiş etdirir.
Bu baxımdan Ceyhun Bayramovun İrpinə səfəri xüsusi simvolik məna
daşıyır. Azərbaycanın maliyyə dəstəyi ilə bərpa edilmiş obyektlərlə
tanışlıq, Zərifə Əliyeva parkını ziyarət etməsi və gələcəkdə İrpin
Mədəniyyət Evinin bərpasına dair planların təqdim olunması göstərir
ki, Bakı yalnız müharibənin yaratdığı dağıntıların aradan
qaldırılmasına deyil, Ukraynanın sosial infrastrukturunun yenidən
formalaşdırılmasına da töhfə verməyə davam edir. Bu isə humanitar
diplomatiyanın artıq Azərbaycanın xarici siyasətində ayrıca
istiqamətə çevrildiyini göstərən mühüm nümunələrdən biridir.
Kiyev danışıqlarında enerji və iqtisadi əməkdaşlıq
xüsusi yer tutub
Digər mühüm istiqamət energetika sahəsində əməkdaşlıqdır.
Kiyevdə aparılan danışıqlarda bu mövzu ayrıca strateji xətt kimi
diqqət çəkib. Son illərdə Avropada enerji təhlükəsizliyi
məsələlərinin prioritetə çevrilməsi Azərbaycanın rolunu daha da
artırıb. Bu baxımdan Ceyhun Bayramovun Ukraynanın yeraltı qaz
anbarlarından istifadəyə kommersiya baxımından əlverişli və texniki
cəhətdən əsaslandırılmış bütün variantların nəzərdən keçirilə
biləcəyini bildirməsi, eyni zamanda zərurət yaranacağı halda
Ukraynaya qaz tədarükünə hazır olduqlarını açıqlaması sırf
ikitərəfli münasibətlərdən daha geniş məna daşıyır.
Bu bəyanat Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan
rolunun Ukrayna istiqamətini də əhatə edə biləcəyini göstərən
siyasi mesaj kimi qiymətləndirilə bilər. Burada söhbət yalnız
mümkün qaz ixracından getmir. Əsas məqam ondan ibarətdir ki,
Azərbaycan dəyişən enerji xəritəsində etibarlı təchizatçı kimi
mövqeyini genişləndirmək, eyni zamanda tərəfdaş ölkələrin enerji
dayanıqlığının gücləndirilməsində daha fəal iştirak etmək niyyətini
nümayiş etdirir.
Bu kontekstdə SOCAR-ın Ukraynada fəaliyyətinin xüsusi qeyd
olunması da təsadüfi deyil. Müharibənin ən çətin dövrlərində belə
şirkətin fəaliyyətini davam etdirməsi, yanacaq təminatında iştirak
etməsi iqtisadi əməkdaşlığın böhran şəraitində də davam etdiyini
göstərir. Ceyhun Bayramovun vurğuladığı kimi, mülki obyektlərin
fəaliyyətinin dəstəklənməsi, humanitar yüklərin çatdırılması və
enerji infrastrukturunun bərpasına yardım Azərbaycanın
prioritetləri sırasında qalır.
İqtisadi statistikalar da münasibətlərin bərpa mərhələsinə daxil
olduğunu göstərir. Müharibədən əvvəl, 2021-ci ildə ikitərəfli
ticarət dövriyyəsi 900 milyon ABŞ dollarına çatmışdı. Sonrakı
dövrdə bu göstərici 350 milyon dollara qədər azalsa da, ötən il
yenidən 500 milyon dolları ötüb. Cari ilin ilk altı ayında isə
qarşılıqlı ticarətin həcmi 280 milyon dollara yaxınlaşıb. Bu
dinamika müharibənin yaratdığı çətinliklərə baxmayaraq, biznes
əlaqələrinin yeni şəraitə uyğunlaşdığını və iqtisadi əməkdaşlığın
tədricən bərpa olunduğunu göstərir. Nazirlərin investisiya,
nəqliyyat, energetika, elm, təhsil, səhiyyə, mədəniyyət və gənclər
siyasəti üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılıqları da
məhz bu tendensiyanın davamı kimi qiymətləndirilə bilər.
Səfər zamanı diqqət çəkən digər məqam tarixi diplomatik
ənənələrə verilən önəm oldu. Ceyhun Bayramovun Ukrayna Xarici İşlər
Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə
Ukraynadakı diplomatik missiyasının fəaliyyətinə dair arxiv
sənədləri ilə tanış olması iki ölkə arasında münasibətlərin yalnız
müasir siyasi şəraitə söykənmədiyini göstərir. Tarixi diplomatik
əlaqələrin ön plana çıxarılması strateji tərəfdaşlığın dərin
köklərə malik olduğuna verilən siyasi mesaj kimi də qiymətləndirilə
bilər.
Kiyevdə keçirilən görüşlərdə Cənubi Qafqaz da diqqətdən kənarda
qalmadı. Azərbaycan tərəfi Ukrayna rəhbərliyini Ermənistanla
normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan
bərpa-quruculuq işləri və mina təhlükəsi barədə məlumatlandırdı.
Bununla Bakı bir daha göstərdi ki, regional təhlükəsizlik
məsələlərini yalnız milli deyil, daha geniş beynəlxalq
təhlükəsizlik sisteminin tərkib hissəsi kimi təqdim edir. Bu
yanaşma Azərbaycanın xarici siyasətində son illər müşahidə olunan
mühüm xəttdir. Rəsmi Bakı regional prosesləri qlobal təhlükəsizlik
müstəvisindən ayırmır və tərəfdaş ölkələrlə dialoqda bu məsələləri
qarşılıqlı maraq doğuran gündəliyin ayrılmaz hissəsi kimi təqdim
edir.
İşçi qrupunun üzvü: Strateji tərəfdaşlıq yeni
mərhələyə daxil olur
Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov mövzunu Trend-ə şərh edərkən
bildirib ki, Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri iki ölkə
arasında strateji tərəfdaşlığın ardıcıl inkişaf etdiyini və yüksək
səviyyəli siyasi dialoqun davamlı xarakter daşıdığını nümayiş
etdirən mühüm diplomatik hadisədir.
Deputatın sözlərinə görə, mürəkkəb geosiyasi şəraitdə keçirilən
bu səfər Bakı ilə Kiyev arasında qarşılıqlı etimada söykənən
münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. O qeyd edib
ki, danışıqlarda beynəlxalq hüququn norma və prinsiplərinə,
xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin
toxunulmazlığına sadiqliyin bir daha təsdiqlənməsi xüsusi əhəmiyyət
daşıyır.

Kamran Bayramov bildirib ki, humanitar əməkdaşlığın miqyası da
münasibətlərin strateji xarakterini göstərən əsas amillərdəndir.
Onun fikrincə, enerji infrastrukturunun bərpasına dəstək, İrpində
həyata keçirilən layihələr, mina təmizləmə sahəsində əməkdaşlıq və
ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası iki xalq arasında
etimadı daha da möhkəmləndirir.
Deputat iqtisadi və enerji əməkdaşlığının da yeni perspektivlər
açdığını bildirib.
“Ticarət dövriyyəsinin bərpası, investisiya imkanlarının
genişləndirilməsi və enerji sahəsində yeni əməkdaşlıq formatlarının
müzakirəsi tərəflərin mövcud potensialdan daha səmərəli istifadə
etmək niyyətini göstərir”, – deyə o qeyd edib.
Azərbaycan-Ukrayna münasibətləri siyasi dialoqla
məhdudlaşmır
Bütün bu məqamlar göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri
hazırda yalnız siyasi dialoqla məhdudlaşmır. Humanitar diplomatiya,
enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, tarixi diplomatik
ənənələr və beynəlxalq hüququn müdafiəsi iki ölkə arasında strateji
tərəfdaşlığın əsas sütunlarına çevrilib.
Ceyhun Bayramovun Kiyevə səfəri də məhz bu sütunların
möhkəmləndirilməsinə xidmət edən siyasi addım kimi qiymətləndirilə
bilər. Verilən mesajlar göstərdi ki, Bakı bir tərəfdən beynəlxalq
hüquqa əsaslanan prinsipial mövqeyini qoruyur, digər tərəfdən isə
Ukrayna ilə əməkdaşlığın praktik istiqamətlərini genişləndirərək
münasibətləri yeni mərhələyə çıxarmağa çalışır.
Eyni zamanda, səfərin nəticələri onu deməyə əsas verir ki,
Azərbaycan regionda formalaşan yeni geosiyasi və geoiqtisadi
reallıqları yalnız müşahidə edən deyil, onların formalaşmasında
fəal iştirak edən aktorlardan biridir. Humanitar layihələrdən
enerji təhlükəsizliyinə, iqtisadi əməkdaşlıqdan siyasi dialoqa
qədər uzanan çoxşaxəli gündəlik Bakının xarici siyasətinin çevik və
praqmatik xarakterini bir daha nümayiş etdirir. Bu isə yaxın
perspektivdə Azərbaycan-Ukrayna əlaqələrinin həm siyasi, həm
iqtisadi, həm də humanitar müstəvidə daha sistemli və məzmunlu
şəkildə inkişaf edəcəyini göstərən əsas amillərdən biri kimi çıxış
edir.

