Oxuduğunuz ixtisas əsgərlikdə nəzərə alınacaq – DETALLAR

Baş səhifə

Ali təhsilli çağırışçıların ixtisaslarına uyğun bölmələrdə hərbi xidmət keçməsi ilə bağlı müəyyən mexanizmlər hazırda da tətbiq olunur.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Aruz Nağıyev deyib.

Onun sözlərinə görə, ali məktəbi yüksək nəticələrlə bitirən və qəbul imtahanlarında yüksək bal toplayan çağırışçılar üçün Müdafiə Nazirliyində xüsusi seçim proqramları mövcuddur.

“Çağırışçılar hərbi xidmətə qəbul olunduqdan və andiçmə mərasimini başa vurduqdan sonra onların təhsil göstəriciləri və hazırlıq səviyyəsi nəzərə alınır. Bununla bağlı Müdafiə Nazirliyinin müvafiq proqramları fəaliyyət göstərir. Həmin proqramlara uyğun seçilən şəxslər Müdafiə Nazirliyinin müxtəlif strukturlarında, o cümlədən hərbi təhsil müəssisələrində, akademiyada və digər ixtisaslaşmış bölmələrdə xidmət keçirlər”.

Komitə sədri bildirib ki, orduda insan resurslarından səmərəli istifadə və peşəkar potensialın qiymətləndirilməsi Müdafiə Nazirliyinin diqqət yetirdiyi əsas istiqamətlərdən biridir.

“Ali təhsilli və xüsusi bilik-bacarıqlara malik gənclərin potensialından ordunun maraqları naminə istifadə olunması vacib məsələlərdən biridir. Bu istiqamətdə artıq müəyyən mexanizmlər mövcuddur və onların təhsil səviyyəsi, hazırlığı, bacarıqları xidmət yerinin müəyyənləşdirilməsi zamanı mümkün qədər nəzərə alınır”.

Aruz Nağıyev əlavə edib ki, müasir dövrdə informasiya texnologiyaları, kibertəhlükəsizlik, mühəndislik və tibb kimi sahələr üzrə peşəkar kadrların Silahlı Qüvvələr üçün əhəmiyyəti daha da artıb. Bu baxımdan, ixtisaslı çağırışçıların bilik və bacarıqlarından ordunun müxtəlif strukturlarında səmərəli istifadə olunması həm Silahlı Qüvvələrin imkanlarının gücləndirilməsinə, həm də insan kapitalından daha effektiv yararlanılmasına xidmət edir.

Hərbi ekspert Üzeyir Cəfərov isə bu sistemin daha da təkminləşməli olduğunu vurğulayıb.

O bildirib ki, ali təhsilli gənclərin bilik və bacarıqlarından orduda daha səmərəli istifadə etmək üçün onların hərbi xidmətə çağırılmamışdan əvvəl ixtisasları barədə məlumatlar aidiyyəti qurumlara təqdim edilməlidir.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həmin gənclərlə bağlı məlumatları xidmətə çağırılmadan əvvəl Müdafiə Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Daxili Qoşunlara və digər aidiyyəti qurumlara göndərməlidir. Həmin qurumlar da çağırışçıları ixtisaslarına uyğun bölmələrdə xidmətə cəlb etməlidirlər”, – deyə o bildirib.

Ü.Cəfərovun sözlərinə görə, hazırkı təcrübədə çağırışçının peşə bacarıqları çox vaxt yalnız xidmətə başladıqdan sonra müəyyən edilir.

“Təəssüf ki, çağırışçı xidmətə gələndən sonra məlum olur ki, o, peşəkar proqramçı, kibertəhlükəsizlik mütəxəssisi və ya başqa sahə üzrə yüksək ixtisaslı kadrdır. Halbuki bu məlumatlar əvvəlcədən toplanmalı, müvafiq qurumlara təqdim edilməlidir. Məsələn, Müdafiə Nazirliyi əvvəlcədən bilməlidir ki, yay çağırışında neçə kibertəhlükəsizlik mütəxəssisi xidmətə gələcək”, – ekspert qeyd edib.

O hesab edir ki, bu yanaşma tibb, təhsil və digər sahələr üzrə ali təhsilli çağırışçılar üçün də tətbiq olunmalıdır.

“Hərbi hospitallarda cərrah, terapevt, stomatoloq, pediatr kimi mütəxəssislərdən, pedaqoji təcrübəsi olan şəxslərdən isə hərbi təhsil müəssisələrində və akademiyalarda istifadə etmək mümkündür. Mən hər zaman bunun tərəfdarı olmuşam”, – deyə Ü.Cəfərov vurğulayıb.

Ekspert əlavə edib ki, ali təhsilli və həyat təcrübəsi olan çağırışçılar həm bilikləri, həm də bacarıqları ilə ordunun potensialını gücləndirə bilərlər.

“Bu məsələ dövlət qurumlarının diqqət mərkəzində olmalıdır. Ölkənin və xalqın maraqları naminə bu potensialdan maksimum istifadə edilməlidir. Hazırda bu sahədə ciddi boşluqlar mövcuddur”, – o bildirib.

Ü.Cəfərovun fikrincə, mütəxəssislərin müəyyənləşdirilməsi prosesi hərbi xidmətə çağırış mərhələsində deyil, daha erkən – məktəb və ali təhsil dövründən başlanmalıdır.

“Bunun üçün sistemli iş aparılmalı, gənclərin ixtisasları, elmə, texnologiyaya, mədəniyyətə və digər sahələrə maraqları müəyyənləşdirilməlidir. Toplanan məlumatlar isə aidiyyəti güc strukturlarına ötürülməlidir ki, hər bir çağırışçı öz bacarığına uyğun sahədə xidmət etsin”, – deyə hərbi ekspert əlavə edib.