
Bakı.Trend:
Hesablama Palatası tərəfdaş ölkələrlə paralel auditləri
genişləndirir.
Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Trend İnformasiya Agentliyi və İctimai Televiziyaya birgə
müsahibəsində deyib.
Onun sözlərinə görə, Hesablama Palatasının fəaliyyətində əsas
istiqamətlərdən biri strateji idarəetməyə dəstək vermək və tərəfdaş
ölkələrlə paralel auditlər keçirməkdir.
Sədr bildirib ki, qurum öz fəaliyyətini strateji plan əsasında
qurur, bu yanaşmanı təşviq edir və digər dövlət qurumlarına da
strateji idarəetmənin tətbiqində dəstək göstərir. Onun sözlərinə
görə, bu yanaşma dövlət sektorunda strateji təfəkkürün
formalaşmasına xidmət edir.
Vüqar Gülməmmədov qeyd edib ki, paralel auditlər müxtəlif
ölkələrdə eyni mövzu üzrə aparılan auditlərin nəticələrinin
müqayisə edilməsinə, auditorların qarşılıqlı təcrübə mübadiləsi
aparmasına və beynəlxalq təcrübəni öyrənməsinə imkan yaradır.
O əlavə edib ki, ötən il Türkiyə və Qazaxıstanın ali audit
orqanları ilə paralel auditlər keçirilib. Cari ildə isə bu
istiqamətdə Özbəkistan və Pakistanın ali audit orqanları ilə
paralel auditlər həyata keçirilir.
Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun
Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya
verdiyi birgə müsahibə iyulun 22-də saat 21:00-da tam şəkildə
yayımlanacaq.

