
Bakı.Trend:
Almaniyanın Ştutqart şəhərində yerləşən ticarət mərkəzində
bıçaqlı hücum baş verib. Hadisə nəticədə 47 yaşlı qadın ağır
yaralanıb.
Bu barədə “Tagesschau” məlumat yayıb.
“Bu gün saat 10:15 radələrində Ştutqart polisinin
əməliyyat-dispetçer mərkəzinə çoxsaylı zənglər daxil olub. Buna
səbəb şəhərin şimal hissəsində yerləşən ticarət mərkəzində 47 yaşlı
qadına edilən hücum olub”, – deyə polis bildirib.
“Bild” nəşrinin məlumatına görə, qadın ticarət mərkəzinin
zirzəmi mərtəbəsində bıçaqlanıb. Daha sonra isə cinayətkar ona od
vurub. Hadisə yerinə gələn tibb işçiləri zərərçəkənə ilkin yardım
göstərərək xəstəxanaya çatdırıblar.
Hazırda ona təcili cərrahi əməliyyat həyata keçirilir. Hadisədən
sonra ticarət mərkəzi polis tərəfindən mühasirəyə alınıb, əraziyə
polis və yanğınsöndürənlər cəlb edilib.
Hadisə ilə bağlı şübhəli bilinən 54 yaşlı kişi saxlanılıb.
Hücumun motivi hələlik məlum deyil. İstintaq çərçivəsində sübutlar
toplanılır və binadaxili müşahidə kameralarının görüntüləri
araşdırılır.

