Qazaxıstanın baş nazir müavini orqan-donoru oldu

Baş səhifə

Bakı.Trend:

Qazaxıstanın Baş nazirinin müavini – Mədəniyyət və İnformasiya
Naziri Aida Balayeva ölümündən sonra orqan donoru olmağa rəsmi
razılıq verdiyini açıqlayıb.

Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Balayevanın sözlərinə görə, o, bu qərarı ölkədə donor orqanları
çatışmazlığı probleminə həsr olunmuş “4739” sənədli filmini
izlədikdən sonra verib.




“Əgər nə vaxtsa yaxınlarım belə bir seçim qarşısında qalsalar,
istəyərdim ki, yaşamaq uğrunda ümidsiz şəkildə mübarizə aparan
insanlara şans verməyin nə qədər vacib olduğunu başa düşsünlər.
Məsuliyyətlə bəyan edirəm ki, ölümümdən sonra orqan donorluğu üçün
razılıq verirəm”, – deyə Balayeva sosial şəbəkədə yazıb.

Nazirin qeyd etdiyi kimi, “4739” filminin adı hazırda
Qazaxıstanda orqan transplantasiyası növbəsində olan insanların
sayını əks etdirir. Hazırda ölkədə 4 739 nəfər, o cümlədən 125 uşaq
orqan köçürülməsini gözləyir.

Balayeva həmçinin diqqətə çatdırıb ki, Qazaxıstanda həyata
keçirilən transplantasiya əməliyyatlarının təxminən 90 faizi canlı
qohum donorların hesabına baş tutur. Ölümdən sonrakı donorluğun
payı isə bütün donorluq hallarının 10 faizindən də azdır ki, bu da
orqan transplantasiyasına ehtiyacı olan xəstələrə yardım
imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.