
Bakı.Trend:
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun
buraxılışında 100 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına
təqdim olunub.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə heyətinin sədri Fərid
Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) Məzun
Günündə çıxışı zamanı deyib.
F.Osmanov bildirib ki, ölkədə rəqəmsallaşmanın sürətləndirilməsi
istiqamətində həyata keçirilən islahatlar çərçivəsində
kibertəhlükəsizliyin gücləndirilməsi əsas prioritetlərdən
biridir.
“Ölkəmizin rəqəmsallaşma arxitekturası çərçivəsində aparılan
işlər çərçivəsində cari ilin 27 aprel tarixində rəqəmsal inkişafın
sürətləndirilməsi üzrə fəaliyyət planı təsdiq edilmişdir və
şübhəsiz ki, fəaliyyət planının mühüm komponentlərindən biri də
məhz kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi və bu
istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsidir”, – deyə o
bildirib.
Onun sözlərinə görə, fəaliyyət planı çərçivəsində milli
kibertəhlükəsizlik ekosisteminin genişləndirilməsi, hüquqi-normativ
bazanın təkmilləşdirilməsi və peşəkar insan kapitalının
formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılır.
“Qeyd edilməlidir ki, fəaliyyət planı çərçivəsində məhz
ölkəmizin milli kibertəhlükəsizlik ekosisteminin daha da
genişləndirilməsi, bu istiqamətdə hüquqi-normativ aktların
təkmilləşdirilməsi, milli ekosistemin formalaşdırılması və xüsusən
insan kapitalının, bilikli və bacarıqlı mütəxəssislərin
yetişdirilməsi əsas hədəflərdəndir”, – deyə İRİA sədri
vurğulayıb.
F.Osmanov qeyd edib ki, artıq dördüncü ildir fəaliyyət göstərən
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin Technion Texnologiya
İnstitutu ilə əməkdaşlıq çərçivəsində ölkənin kibertəhlükəsizlik
potensialının gücləndirilməsinə töhfə verir.
“Bu fəaliyyət çərçivəsində klassik hücum və müdafiə
istiqamətləri üzrə – “Red Team” və “Blue Team” mütəxəssisləri
hazırlanır. Bu günə qədər AKM tərəfindən 420-dən artıq mütəxəssis
yetişdirilərək əmək bazarına təqdim edilib”, – deyə o bildirib.
O vurğulayıb ki, Mərkəzin əsas fəaliyyət göstəricilərindən biri
məzunların məşğulluq səviyyəsidir.
“90 faizdən artıq göstəriciyə nail olmuşuq. Məzunlarımızın 90
faizdən çoxu bu gün dövlət qurumlarında və özəl sektorda
kibertəhlükəsizlik üzrə mütəxəssis kimi fəaliyyət göstərir”, – deyə
F.Osmanov qeyd edib.
İRİA sədri bildirib ki, AKM-in 7-ci məzun buraxılışında 100
nəfər proqramı uğurla başa vurur.
“Bu 100 məzun arasından ilk dəfə olaraq seçilən 5 qabaqcıl
mütəxəssisin adları bu gün elan olunacaq. Onlar bir ay müddətində
xarici ölkələrdə qabaqcıl kibertəhlükəsizlik və informasiya
texnologiyaları şirkətlərində ödənişsiz təcrübə və infrastruktur
mübadiləsi proqramlarında iştirak edəcəklər”, – deyə o
bildirib.
F.Osmanov qeyd edib ki, AKM-də yalnız əsas təlim proqramları
deyil, ixtisasartırma proqramları da həyata keçirilir.
“Bu günə qədər 160-dan artıq mütəxəssis yenidən ixtisaslaşma
proqramlarını uğurla başa vuraraq aidiyyəti dövlət qurumlarında və
şirkətlərdə fəaliyyətlərini davam etdirirlər”, – deyə o
bildirib.
Onun sözlərinə görə, ölkədə kibermaarifləndirmə istiqamətində də
mühüm nəticələr əldə olunub.
“Bu günə qədər 7 mindən artıq şəxs kibergigiyena və
kibermaarifləndirmə təlimlərində iştirak edərək kibertəhlükəsizlik
üzrə baza biliklərinə yiyələnib”, – deyə İRİA sədri vurğulayıb.
F.Osmanov bildirib ki, dövlət və özəl sektorda rəhbər heyətin
kibertəhlükəsizlik biliklərinin artırılması da prioritet
istiqamətlərdən biridir.
“53 dövlət qurumunda və özəl sektor müəssisəsində AKM tərəfindən
təlimlər keçirilib. Bu təlimlər çərçivəsində 250-dən artıq rəhbər
vəzifəli şəxs kibertəhlükəsizlik sahəsində maarifləndirilib”, –
deyə o qeyd edib.
O əlavə edib ki, Mərkəzin qarşısında duran əsas hədəflərdən biri
əldə olunan biliklərin yerli kibertəhlükəsizlik məhsullarının
yaradılmasına yönəldilməsidir.
“Bu günə qədər AKM tərəfindən 70-dən artıq hakaton keçirilib və
7-dən çox kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məhsulu
hazırlanıb. Bu məhsulların bir neçəsi artıq satış və biznes
proseslərinə başlayıb, kommersiya gəlirləri əldə edir”, – deyə
F.Osmanov bildirib.
İRİA sədri vurğulayıb ki, AKM universitetlərlə əməkdaşlığın
genişləndirilməsinə də xüsusi önəm verir.
“Artıq 7 ali təhsil müəssisəsində 10-dan artıq fənn üzrə AKM
müəllimləri və mütəxəssisləri tədris prosesini həyata keçirirlər.
Eyni zamanda, həmin universitetlərdə sillabusların və təlim
proqramlarının təkmilləşdirilməsində aktiv iştirak edirik”, – deyə
o bildirib.
Çıxışının sonunda F.Osmanov AKM-in 7-ci məzunlarını təbrik
edib.
“Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin bütün məzunlarını
təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Hər bir məzunun ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin
formalaşmasında mühüm rolu var və onların fəaliyyəti bundan sonra
da tərəfimizdən davamlı şəkildə dəstəklənəcək”, – deyə İRİA sədri
əlavə edib.

