Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac edilən neft və kondensatın həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 20 il ərzində ixrac olunan
neft və kondensatın həcmi açıqlanıb.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri
istismara verildiyi vaxtdan etibarən bu boru kəməri vasitəsilə
Azərbaycan mənşəli təxminən 559 milyon ton neft və kondensat ixrac
edilib.

Nazirliyin məlumatında bildirilir ki, boru kəməri ilə əsasən “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan neft və “Şahdəniz”
yatağından hasil olunan kondensat nəql edilir.

Xatırladaq ki, bp şirkətinin mətbuat xidmətinin məlumatına
əsasən, Bakı-Tbilisi-Ceyhan şirkəti (BTC Co.) 2026-cı il iyulun
1-dən etibarən BTC ixrac neft kəmərinin operatoru funksiyasının BP
Exploration (Caspian Sea) Limited (bp) şirkətindən SOCAR-ın törəmə
müəssisəsi olan “SOCAR Midstream Operations MMC”yə (SMO) keçdiyini
elan edib.

Qeyd olunur ki, operator funksiyalarının ötürülməsi BTC neft
kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən hər üç
hissəsini əhatə edir. Bundan əlavə, bp-nin məlumatına görə, BTC
boru kəməri ilə bağlı bütün fəaliyyətin idarə olunması, eləcə də
bp-nin indiyədək BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri
üzrə yerinə yetirdiyi ümumi əməliyyat operatoru funksiyaları da
SMO-ya keçir.

Qeyd edək ki, BTC neft kəmərinin ümumi uzunluğu 1 768
kilometrdir.




Boru kəməri Xəzər regionundan çıxarılan xam neftin Aralıq dənizi
sahillərinə təhlükəsiz nəqlini təmin etmək məqsədilə inşa
olunub.

Layihə Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında
iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə töhfə verir, eyni
zamanda tranzit ölkələrə əhəmiyyətli gəlirlər qazandırır.

Layihənin istifadəyə verildiyi vaxtdan bəri boru kəmərinin
marşrutu boyunca yerləşən 550-dən çox yaşayış məntəqəsində 750
mindən artıq insanı əhatə edən minlərlə sosial təşəbbüs həyata
keçirilib.

BTC-nin ötürücülük qabiliyyəti günə 1 milyon barel neft təşkil
edir. Boru kəmərində diametri 46, 42 və 34 düym olan borulardan
istifadə olunur, burada 8 nasos stansiyası və 98 bağlayıcı stansiya
fəaliyyət göstərir. Marşrut boyunca neft kəməri bir neçə dağ
silsiləsini, 3 mindən çox avtomobil yolunu, dəmir yolu və rabitə
xətlərini, həmçinin eni 500 metrədək olan Ceyhan çayı da daxil
olmaqla 1 500-dən çox su hövzəsindən kəsib keçir.

Öz dövrünün ən iri və mürəkkəb mühəndis layihələrindən biri
hesab olunan BTC-nin tikintisi 2002-ci ilin iyulunda layihənin
təsdiqindən 2006-cı ilin mayında tikintinin başa çatmasına qədər,
ümumilikdə dörd il davam edib. Tikintinin ən intensiv mərhələsində
layihədə 22 min nəfər çalışıb və onların təxminən 80 faizini yerli
mütəxəssislər təşkil edib.

İlk neft partiyası 2006-cı il iyunun 4-də Ceyhan terminalında “British Hawthorn” tankerinə yüklənib.