
Bakı. Trend:
Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçiriləcək.
Trend xəbər verir
ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə,
11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji
şirkəti qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri və digər
yüksək səviyyəli nümayəndələr iştirak edəcək.
Toplantı açılış sessiyasından sonra Nazirlər sessiyası, “Cənub
Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni
inkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə plenar
sessiyalarla davam edəcək.
Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl
Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçiriləcək.
Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində
nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı
keçiriləcək.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən
keçirilir.


