“S&P” Azərbaycanın Mərkəzi Bankının yeni rəhbərliyinin fəaliyyətini müsbət qiymətləndirib

Baş səhifə

Bakı. Trend:

“S&P Global Ratings” agentliyi son dörd il ərzində
Azərbaycanın Mərkəzi Bankının (AMB) yeni rəhbərliyinin gördüyü
işlərin nəticələrini müsbət qiymətləndirir.

Trend bu barədə
“S&P”yə istinadən xəbər verir.

“Son dörd il ərzində AMB-nin yeni rəhbərliyinin fəaliyyətini
müsbət qiymətləndiririk. Bütün banklar 2024-cü ildə tətbiq olunmuş
korporativ idarəetmə standartlarına riayət edir, müşahidə
şuralarının komitələri yenidən strukturlaşdırılıb və müstəqil
üzvlər təyin olunub. Son üç ildə kreditləşmənin sürətli artımı ilə
bağlı riskləri proaktiv şəkildə azaltmaq məqsədilə tənzimləyici
2025-ci ilin martından 0,5% kontrtsiklik kapital buferini
aktivləşdirib. Bundan əlavə, ən sürətli artan istehlak kreditləri
və kredit kartlarına dair tənzimləmə qaydaları sərtləşdirilib. Bank
sistemi 2024–2025-ci illərdə stabilliyini qoruyub”, – hesabatda
qeyd olunur.

“S&P” hesab edir ki, Azərbaycan bank sistemində tənzimləmə
və nəzarətin modernləşdirilməsi təşəbbüslərinin effektiv icrası onu
beynəlxalq standartlara yaxınlaşdırır.




“Bu təşəbbüslər üzrə ən aktiv fəaliyyət son üç ildə AMB sədri
Taleh Kazımovun rəhbərliyi altında 2024–2026-cı illər Maliyyə
Sektorunun İnkişaf Strategiyası çərçivəsində müşahidə olunub.
2024–2025-ci illərin əsas nailiyyətlərinə aşağıdakılar daxildir:
korporativ idarəetmə standartlarının tətbiqi, əlaqəli tərəflərlə
əməliyyatların tənzimlənməsi, likvidlik idarəetməsinin Basel III
tələblərinə uyğun tənzimlənməsi, əməliyyat və bazar risklərinin
idarə edilməsinə dair yeni qaydalar və bankların prudensial
hesabatlılıq tələbələrinin gücləndirilməsi”, – hesabatda
deyilir.

Agentlik qeyd edir ki, 2026-cı ildə tənzimləyicilər
aşağıdakıları planlaşdırır: bütün banklar üçün risk əsaslı
nəzarətin tətbiqi; Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS-
9) sisteminə keçid; bank sisteminin Basel III kapital adekvatlığı
standartlarına uyğunlaşdırılmasının idarə edilməsi; stress-test və
uzunmüddətli likvidlik idarəçiliyinə dair tələblərin
gücləndirilməsi; daxili kapital və likvidlik yetərliyi
qiymətləndirmə proseslərinin tətbiqi; nəzarətə konsolidə edilmiş
yanaşma və problemlərin həlli çərçivəsinin hazırlanması.

“Bu təşəbbüslərin effektiv icrası Azərbaycan bankları üzrə
tənzimləmə və nəzarəti gücləndirməlidir. Tənzimləyici ekoloji,
sosial və idarəetmə riskləri daxil olmaqla yeni və ortaya çıxan
risklərə daha çox diqqət yetirir. AMB bank sektorunun
kibermüqavimətini gücləndirməyə və pul yuyulması və terrorun
maliyyələşdirilməsinə qarşı (AML/CFT) tədbirlərin koordinasiyasına
davam edir. Son illərdə Azərbaycanda AML/CFT qanunvericiliyi
əhəmiyyətli dərəcədə təkmilləşdirilsə də, hələ də bəzi texniki
boşluqlar mövcuddur. Hakimiyyət 2023–2025-ci illər üçün AML/CFT
üzrə Milli Fəaliyyət Planını tətbiq edib”, – S&P hesabatında
bildirilir.