Bakı. Trend:
Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq
Respublikasına (ÇXR) dövlət səfərinə gəlib.
Trend xəbər verir
ki, səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub və bu, Li
Cemyönün prezident vəzifəsində Çinə ilk səfəridir.
Səfər yanvarın 7-dək davam edəcək və Cənubi Koreya lideri
paytaxt Pekin ilə yanaşı, Çin maliyyə mərkəzi Şanxaya da baş
çəkəcək.
Cənubi Koreya mediasının məlumatına görə, Li Cemyön Çin lideri
Si Cinpin, Baş nazir Li Çian və qanunverici orqanın rəhbəri Cao
Lıci ilə görüşlərdə əsasən ikitərəfli iqtisadi əlaqələr, regional
məsələlər, o cümlədən Şimali Koreya mövzusunu müzakirə edəcək.
Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 10-a yaxın
sənədin imzalanması gözlənilir.
Dövlət başçısını səfərdə böyük biznes nümayəndə heyəti müşayiət
edir. Onların məqsədi Pekində keçiriləcək Çin-Koreya iqtisadi
forumunda iştirak etmək, həmçinin süni intellekt, yaşıl enerji,
təchizat zənciri və turizm də daxil olmaqla müxtəlif sahələrdə
əməkdaşlığı genişləndirmək üçün müzakirələr aparmaqdır.

