
Honkonqda “Mei Yu House” yaşayış kompleksinin mənzillərindən birində baş verən yanğın nəticəsində azı bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
“Report” “South China Morning Post”a istinadən xəbər verir ki, bir kişi və yeddi qadın tibb mərkəzinə çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Yanğınsöndürənlər daha 22 nəfəri binadan təxliyə edib. 250-dən çox sakin isə öz imkanları ilə ərazini tərk edərək yaxınlıqdakı məktəbdə yerləşdirilib. Hakimiyyət orqanları yanğının söndürüldüyünü, səbəblərinin araşdırıldığını bildirir.
Qeyd edək ki, Honkonq hakimiyyəti son vaxtlar yanğınlara qarşı mübarizəyə xüsusi diqqət yetirir. Buna səbəb 26 noyabr 2025-ci ildə “Wang Fuk Court” yaşayış kompleksində baş vermiş genişmiqyaslı yanğındır. Həmin vaxt alov 28 noyabradək söndürülüb, kompleksdəki səkkiz yaşayış binasından yeddisi tamamilə yanıb. Son məlumatlara görə, həmin yanğın nəticəsində azı 161 nəfər ölüb, təxminən 5 min nəfər isə evsiz qalıb.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


