Bakı. Trend:
Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner
xəstəxanadan evə buraxılıb və korrupsiya işi üzrə cəzasını çəkdiyi
mənzilə qaytarılıb.
Trend xəbər verir
ki, bu barədə keçmiş dövlət başçısının iki həftə müalicə aldığı
tibb müəssisəsi məlumat yayıb.
Xəstəxananın açıqlamasında bildirilir: “Kristina Fernandes de
Kirşner lokal peritonit və əməliyyatdan sonrakı bağırsaq tıxanması
ilə ağırlaşan kəskin appendisit səbəbindən xəstəxanada müalicəsini
başa vurub və evə buraxılıb. O, evdə şəxsi tibbi heyət tərəfindən
nəzarətdə saxlanılacaq”.
Qeyd olunur ki, Fernandes de Kirşner 20 dekabr 2025-ci ildə
qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilmiş və appendisit
diaqnozu qoyulmuşdu. O, dərhal əməliyyat olunub, lakin bağırsaq
disfunksiyası onun xəstəxanadan çıxmasını bir qədər gecikdirib.

