
Bakı. Trend:
Amerika şirkətləri Venesuelanın neft sənayesinin bərpasına
milyardlarla dollar sərmayə qoyacaq.
Trend-in şənbə
günü verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bu gün
keçirilən mətbuat konfransında deyib.
“Venesuelanın neft sənayesi uzun müddət dərin tənəzzül
vəziyyətində olub. Neft hasilatının həcmi ölkənin malik olduğu və
reallaşdıra biləcəyi potensialla müqayisədə demək olar ki, yox
səviyyəsində idi. Bu sahəyə dünyanın ən iri Amerika neft şirkətləri
cəlb olunacaq. Onlar milyardlarla dollar sərmayə qoyacaq, ciddi
şəkildə dağıdılmış neft infrastrukturunu bərpa edəcək və ölkə
iqtisadiyyatına gəlirlərin daxil olmasını təmin edəcəklər”, – deyə
o bildirib.
Tramp vurğulayıb ki, zərurət yaranarsa, ABŞ ikinci, daha
genişmiqyaslı əməliyyatı həyata keçirməyə hazırdır.
“Əvvəlcə ikinci mərhələnin lazım olacağı güman edilirdi, lakin
hazırda buna ehtiyacın olmayacağı ehtimal olunur. Birinci mərhələ –
belə demək mümkünsə – o qədər uğurlu oldu ki, ikinci mərhələyə,
böyük ehtimalla, ehtiyac qalmayacaq. Bununla belə, biz buna tam
hazırıq: söhbət xeyli daha böyük əməliyyatdan gedir. Hazırkı
addımlar nöqtəvi xarakter daşıyırdı, lakin bizim daha genişmiqyaslı
ssenarimiz də var və böyük ehtimalla, onu tətbiq etməyə ehtiyac
olmayacaq”, – deyə ABŞ prezidenti qeyd edib.
O bildirib ki, imkanları və əldə etdiyi nailiyyətləri sayəsində
bütün dünyanın əməkdaşlıq etməyə can atdığı Amerika Birləşmiş
Ştatları ilə Venesuelanın tərəfdaşlığı venesuela xalqını varlı,
müstəqil və təhlükəsiz edə bilər.
“Bu, eyni zamanda ABŞ-da yaşayan çoxsaylı venesuelalılar üçün də
rahatlıq və sevinc gətirəcək. Onlar uzun müddət əziyyət çəkiblər,
onlardan çox şey alınıb. Bu əzablara son qoyulacaq. Qeyri-legitim
diktator Nikolas Maduro ABŞ ərazisinə ölümcül dərəcədə təhlükəli
qanunsuz narkotiklərin nəhəng həcmdə qaçaqmalçılığına cavabdeh olan
geniş cinayət şəbəkəsinin əsas fiquru olub”, – deyə Tramp
bildirib.


