Süd Yolunun mərkəzində Saturn ölçüsündə didərgin planet aşkar edilib

Baş səhifə

Bakı. Trend:

Astronomlar Süd Yolu qalaktikasının mərkəzində Saturn ölçüsündə
“didərgin planet” aşkar ediblər.

Trend-in
məlumatına görə, bu barədə “Science” jurnalında dərc olunan elmi
məqalədə qeyd olunub.

Bildirilib ki, sözügedən səma cismi Yerdən təxminən 9,9 min işıq
ili məsafəsində, Oxatan bürcündə yerləşir. Kəşf göstərir ki, iri
planetlər nadir hallarda da olsa, onları formalaşdıran ulduz
sistemlərindən kənara atıla bilirlər.




Kəşf Varşava Universiteti Rəsədxanasının direktoru Ancey
Udalskinin rəhbərliyi altında fəaliyyət göstərən astronomlar qrupu
tərəfindən “OGLE” layihəsi çərçivəsində edilib.

Alimlər yaxınlıqda yerləşən və birbaşa müşahidə olunmayan
obyektlərin yaratdığı qravitasiya mikrolinzalanması effektlərini
araşdırıblar. Bu tədqiqatlar zamanı bir neçə son dərəcə sönük və
soyuq səma cismi aşkarlanıb ki, onlara tez-tez “didərgin planetlər”
deyilir.

Bu obyektlərin dəqiq mənşəyi və təbiəti hələ tam aydın deyil.
Tədqiqatçıların bir qismi hesab edir ki, onlar mürəkkəb qravitasiya
qarşılıqlı təsirləri nəticəsində ulduz sistemlərindən kənara
atılmış iri planetlərdir. Digər alimlər isə bu cisimlərin əslində
çox soyuq və kiçik qəhvəyi cırtdanlar, yəni kütləsi az olan
“uğursuz” ulduzlar ola biləcəyini istisna etmirlər.