
Bakı.Trend:
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı ərəfəsində Xudat şəhərində Heydər Əliyev adına mədəniyyət
və istirahət parkı əsaslı təmirdən sonra istifadəyə verilib.
Parkda sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün
hər cür şərait yaradılıb, park ərazisi tamet daşları ilə döşənib,
yeni oturacaqlar qoyulub, idman avadanlıqları yerləşdirilib,
uşaqlar üçün müasir və təhlükəsiz oyun-əyləncə qurğuları
quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb,
müasir tələblərə cavab verən gecə işıqlandırma sistemi
quraşdırılıb, mövcud fəvvarə yenilənib.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının
sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının
rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Rayon rəsmiləri əvvəlcə parkda Ümummilli Lider Heydər Əliyevin
büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad
ediblər.
Təntənəli açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Ümummilli Lider
Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü bütün ölkələrdə yaşayan soydaşlarımızı birliyə və
həmrəyliyə çağıran tarixi bir gündür.
Elnur Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda “Konstitusiya və
Suverenlik İli” çərçivəsində reallaşan tədbirlərdən və həyata
keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərindən danışıb.
Görülən işlərin davamı olaraq Xudat şəhərində Heydər Əliyev adına
mədəniyyət və istirahət parkının əsaslı şəkildə yeniləndiyini
diqqətə çatdırıb. Qeyd edib ki, Xaçmaz rayonunda bu cür layihələr
mərhələli şəkildə davam etdiriləcək.
Sakinlər son illər Xudat şəhərində həyata keçirilən
genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Rəsmi hissədən sonra yenilənən parkda 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
geniş konsert proqramı təşkil olunub. Rayonun incəsənət adamları,
bədii özfəaliyyət dərnəkləri və uşaq musiqi məktəblərinin
kollektivləri musiqili proqramla çıxış ediblər. Səsləndirilən
mahnılar və şeirlər, müxtəlif rəqs qruplarının çıxışları
iştirakçılarda xoş ovqat yaradıb.
Sonda rayonun ictimai-mədəni həyatında fəal iştiraklarına və
respublikada keçirilən müxtəlif rəqs müsabiqələrində əldə etdikləri
uğurlara görə “Azəri”, “Xudat” və “Xaçmaz inciləri” rəqs qrupları
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən
“Təşəkkürnamə” ilə təltif olunublar.


