İlham Əliyev Rusiyaya getmədi

Baş səhifə
Videonun alt yazısı, İlham Əliyev Rusiyaya getmədi

İlham Əliyev Rusiyaya getmədi

Prezident İlham Əliyev iş qrafiki sıx olduğu üçün dekabrın 22-də Rusiyada keçirilən MDB-nin qeyri-rəsmi sammitində iştirak etmir.

Kremlin sözçüsü Dmitri Peskov bir neçə gün əvvəl Putin və Əliyevin Sankt Peterburqda MDB sammitində görüşə biləcəklərini bildirmişdi.

O, dekabrın 22-də TASS agentliyinə Əliyevin qeyri-rəsmi sammitə qatılmamasını şərh edərkən deyib ki, Rusiya və Azərbaycan arasında müttəfiqlik əlaqələri inkişaf edir.

Dekabrın ortalarında Bakıda səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Baş nazir Əli Əsədovla görüşüb.

Hökumətə yaxın media onun Bakı və Moskva arasındakı gərginlik fonunda xoşməramlı səfir rolunda çıxış etdiyini və iki ölkə arasında münasibətləri yaxşılaşdırma niyyətində olduğunu qeyd edib.

Rusiya avqustda Ukraynada Azərbaycan qazının bu ölkəyə daşınmasında istifadə edilən Orlivka qaz kompressor stansiyasına dron zərbəsi endirib.

Azərbaycan mediası bir müddət əvvəl Rusiya hökumətini Ukraynada Azərbaycan səfirliyinə, eləcə də SOCAR-a aid yanacağın saxlandığı bazalara hava zərbəsi endirməsini pisləyən reportajlar yaymışdı.

Azərbaycan hakimiyyətinə yaxın media yazıb ki, Azərbaycan Trans Adriatik boru xətti ilə Ukraynaya qaz nəqlini davam etdirəcək.

Ötən il dekabrın 25-də AZAL təyyarəsi Qazaxıstanda qəzaya uğradığı zaman Prezident İlham Əliyev MDB-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuşunu yarıda kəsərək Bakıya qayıtmışdı. Azərbaycan tərəfi təyyarənin Qroznı üzərində Rusiya hava hücumundan müdafiə raketləri tərəfindən vurulduğunu bildirib.

Bu hadisə Bakı və Moskva arasında böhrana səbəb olub. Rusiya və Azərbaycan prezidentlərinin oktyabrda Düşənbə görüşündən sonra münasibətlərin yumşalması gözlənilirdi.

Bu görüşdə Prezident Putin Rusiyanın məsuliyyətini etiraf etmiş və kompensasiya vədi vermişdi.

İlham Əliyev isə Putinə qəza ilə bağlı istintaqı nəzarətdə saxladığı üçün təşəkkür etmişdi.

Lakin son vaxtlar Azərbaycanda hakimiyyətə yaxın media yenidən Rusiyaya yönəlik tənqidi yazılar yazır və ikitərəfli əlaqələrdə problemlərin hələ də həll olunmadığı mesajını verirlər.