WUF13 regionun dayanıqlı inkişafına və qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək – RƏY

Baş səhifə
WUF13 regionun dayanıqlı inkişafına və qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək - RƏY

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etdi:

“Bu gün 30 illik işğal dövründə tamamilə dağıdılan şəhər və kəndlərimiz yenidən bərpa edilir. “Ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında qurulan kənd və şəhərlər müasir dövrün bütün yeniliklərini özündə əks etdirir. Bu gün paytaxt Bakı ilə yanaşı, hazırkı dövrdə əsas prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasıdır. Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində bu məqamı da xüsusi qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir”.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır:

“Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır. 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda mühüm mərhələ kimi dəyərləndirilir”.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyaya nümunədir:

“Hazırda paytaxt Bakı ilə yanaşı, bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin müasir dövrün tələbləri əsasında yenidən qurulması dünyanın diqqətindədir. Müxtəlif çağırışların, davamlı şəhərlərin qurulması ilə bağlı strategiyanın ölkəmizdə müzakirə edilməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açan forumların keçirilməsinə xüsusi önəm verilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçiriləcək tədbirlər Azərbaycanın beynəlxalq təqdimatına yeni əlavələr edəcək.