Peşə yönümlü testlərin məktəblərdə tətbiqi üçün Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edə bilərik –DİM sədri

Baş səhifə

Bakı. Trend:

Mən valideynlərə müraciət etmək istəyirəm: uşağı ilə məşğul
olmaq istəyən hər bir valideyn psixometrik testlərdən istifadə
etməlidir. Hər bir uşağın psixoloji xüsusiyyətlərini, bilik
səviyyəsini və maraqlarını müəyyənləşdirərək hansı peşənin ona daha
uyğun olduğunu göstərən, tam işlək bir alət mövcuddur.

Bunu Trend
müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
Məleykə Abbaszadə bildirib.

DİM sədri qeyd edib ki, peşə yönümlü testlər uşaqların
gələcəyini formalaşdıracaq:




“Biz bu testləri 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün
hazırlamışıq. Əgər valideyn uşağı ilə ciddi şəkildə məşğul olmaq
istəyirsə, buyurub gələ bilər — ona bütün məlumatlar təqdim olunur.
Testin müddəti orta hesabla 3 saatdır və bu test kimisə imtahan
edib bal vermək məqsədi daşımır. Psixometrik testlərin əsas məqsədi
özünü anlamaq, yeniyetmənin psixoloji vəziyyətini və ona uyğun
uğurlu ola biləcəyi sahələri müəyyənləşdirməkdir”.

Məleykə Abbaszadə vurğulayıb ki, “Pulum var, müəllim tutmuşam,
bəsdir” düşüncəsi doğru yanaşma deyil:

“Testdən sonra əlavə suallar yaranarsa, psixoloqlarımız fərdi
şəkildə kömək edə bilərlər. Əgər valideyn fərdi psixoloq dəstəyi
istəmirsə, alternativ bir üsul da təklif edirik: Test nəticələrini
süni intellektə daxil edərək əlavə məsləhət almaq mümkündür. Bu
testin nəticələri dəqiqdir. Nəticələrlə bağlı kifayət qədər
statistika toplanıb. “Psixometrik testlər”in müəlliflik hüququ da
bizə məxsusdur. Bu, bizim hazırladığımız və Azərbaycana məxsus olan
testdir. Beynəlxalq praktikada oxşar testlər mövcuddur, lakin
ingilis dilində olan həmin testlərin nə dilimizə tərcüməsi, nə də
qiymətləndirmə meyarları bizim reallığımıza uyğun gəlmir. Testlər
3–4 min nəfər üzərində aparılıb və konkret nəticələr əldə olunub.
Təəssüf ki, bu testlərlə bağlı müraciət edən valideynlərin sayı
azdır. Bəzi şirkətlər testləri alıb özləri tətbiq etmək istəyirlər,
lakin biz testləri satmırıq. Bunun əvəzinə test nəticələrinə
əsaslanan peşəyönümlü fərdi məsləhət sistemi yaratmışıq — gəlib
testdən keçsinlər və məsləhət alsınlar. Bu sahədə məktəblərlə
müqavilə bağlamaq, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək
mümkündür. Gənclər və İdman Nazirliyi ilə müqaviləmiz olub və həmin
çərçivədə 2000 nəfər bu testlərdən keçib”.