ABŞ-nin neft emalı üzrə mühəndislik şirkəti Azərbaycanda biznes imkanlarını araşdırır

Baş səhifə

Bakı. Trend:

“Avail Infra Group”un tərkibinə daxil olan və baş ofisi ABŞ-də
yerləşən “WSI” şirkəti Azərbaycanda biznes imkanlarını
araşdırır.

Bunu Trend
açıqlamasında WSI şirkətinin Müştərilərlə İş üzrə meneceri
Stanislav Rıbakov bu gün Bakıda keçirilən “Asset Integrity &
Corrosion and Coatings Conference” tədbiri çərçivəsində deyib.

O, əvvəlcə şirkət barəsində danışıb: “Biz əsasən neft emalı
zavodlarında təzyiq altında olan avadanlıqların xidmətləri və
ömrünün uzadılması üzrə təmir işlərini həyata keçirir. Şirkət
xüsusilə distillə kolonları, hidrokrakerlər və gecikdirilmiş koker
bloklarında xidmət göstərir”.




Şirkət nümayəndəsinin sözlərinə görə, WSI hazırda Azərbaycanda
və regionda biznesin inkişafı imkanlarını araşdırır və xidmətlərin
həyata keçirilməsində tərəfdaşlar axtarır.

“Biz yalnız xidmət göstəririk, məhsul tədarük etmirik. Bu
konfransda iştirakımızın məqsədi bazar imkanlarını öyrənmək, yerli
qaydaları başa düşmək və bazara giriş imkanlarını
qiymətləndirməkdir”, – deyə o bildirib.

Rıbakov əlavə edib ki, WSI dünya üzrə geniş fəaliyyət göstərir
və hazırda ABŞ, Avropa, Yaxın Şərq, Afrika, Sinqapur və Tayvan da
daxil olmaqla bir çox ölkələrdə işləyir. O qeyd edib ki, şirkət
Xəzər regionu bazarını daha yaxından öyrənərək yeni imkanları
araşdırmaq niyyətindədir.