Paytaxt rayonlarında müşavirələr keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq
paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin
rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və
təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun
nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa,
xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması,
bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib.

İlk müşavirələr paytaxtın Sabunçu, Xətai və Nizami rayonlarında
keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə
müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də
iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti
tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər
yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış
mövsümünə hazirlığı, verilən tapşırıqların və görülən işlərin icra
vəziyyətini yoxlayıblar.




Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti
ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı
yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və
aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən
vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar.
Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət,
inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı
yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə
bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan
təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə
kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə
və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara
alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar,
bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə,
ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də
qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin
təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.