
Bakı. Trend:
8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və
uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz
gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub.
Trend xəbər
verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin
bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Spiker vurğulayıb ki, Vətən müharibəsində qazanılmış Zəfərin
hərbi və siyasi ölçüsü ilə yanaşı, mənəvi ölçüsü də var və o, milli
ruhumuzun dirçəlişini ifadə edir:
“Bu gün bizə onu da xatırladır ki, dövlətin gücü təkcə
iqtisadiyyatda və orduda deyil, həm də bütün ölkə vətəndaşlarının
həmrəyliyində və birliyində, Vətənin taleyi üçün məsuliyyət
hissindədir. Son illərin hadisələri də göstərir ki, yalnız
liderinin ətrafında sıx birləşən, öz torpağında azad yaşamağın nə
demək olduğunu bilən xalq haqlarını qorumağa və pozulmuş haqlarını
bərpa etməyə qadirdir”.
Sədr bildirib ki, işğaldan azad edilmiş bölgələr bu gün öz
həyatının yeni quruculuq dövrünü yaşayır:
“Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi
köçkünlər öz yurdlarına qayıdırlar. İndiyədək 50 mindən çox insan
tarixi torpaqlarında dinc həyata başlayıb. Prezident İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyevanın azad edilmiş
ərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı Qarabağı və
Şərqi Zəngəzuru dirçəliş və yeni həyatın rəmzinə çevirib”.
S.Qafarova əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinə son
qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq
üçün sülh danışıqları başlanıb.
“Həm də bu danışıqlar Azərbaycan Respublikasının irəli sürdüyü
prinsiplər əsasında aparılıb. Avqustda Vaşinqtonda əldə olunmuş
razılaşmalar, sülh sazişinin paraflanması sülh danışıqlarının yekun
mərhələsini təşkil edib. Cənubi Qafqaz regionunda uzunmüddətli
sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılıb. İnamla
söyləmək olar ki, ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik
şəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlər
qazanacaq”, – deyə o fikrini tamamlayıb.


