
Bakı. Trend:
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün
yeni musiqi alətləri alınıb. Layihə musiqi məktəblərinin
inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və
musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət
edir.
Trend xəbər verir ki, Heydər
Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində layihə
çərçivəsində alınan musiqi alətləri nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu
Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər.
Layihə çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıra
musiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb.
Bunların sırasında tar, kamança, qanun, nağara kimi milli alətlərlə
yanaşı, skripka, violonçel, royal, pianino və digərləri yer alır.
Bu musiqi alətləri həm yerli ustaların əl işləri, həm də musiqi
alətlərinin istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən
sifariş olunan nümunələrdir. O cümlədən “Carlovy” violonçel və
skripkaları, Avropanın akustik piano və royalların istehsalı
sahəsində başlıca firması olan “Petrof” royalları, “Yamaha”
pianoları bu musiqi alətləri sırasındadır.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihənin
paytaxt və regionlardakı musiqi məktəblərində təhsilin inkişafına
dəstək baxımından əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun
mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə də gənc
istedadların inkişafına və təhsilinə göstərdiyi daimi dəstəyə görə
təşəkkürünü bildirib.
Sonra Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin
şagirdlərinin iştirakı ilə konsert olub.


