
Ağdam. Trend:
Burada sonuncu dəfə 2021-ci ildə olmuşam və o vaxtdan bəri
burada işlərin bu qədər sürətlə və keyfiyyətlə aparılmasına heyran
qalmışam.
Trend xəbər verir
ki, bunu Ağdam şəhərinə səfər edən Portuqaliyadan olan səyyah Juao
Paulo Peyşoto bildirib.
“Mən həyata keçiriləcək planları görmüşdüm, indi isə bunların
hamısının həqiqətən yerinə yetirildiyinin şahidi oluram.
Yenidənqurma işlərini müşahidə etmək, insanların yenidən burada
sülh içində yaşadığını görmək çox xoş oldu”, – deyə o əlavə
edib.
Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “Extreme
Traveler International Congress” (ETIC – Beynəlxalq Ekstremal
Səyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlik
edir.
Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrə
iki günlük avtomobil səyahəti planlaşdırır.
Azad olunmuş ərazilərin black tourism (“qara turizm”)
çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpa
işlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalq
səyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzur
bölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci belə
səfərdir.


