Azərbaycan sığortaçılarının investisiya portfeli bu il 6 %-ə yhaxın artıb

Baş səhifə
Azərbaycan sığortaçılarının investisiya portfeli bu il 6 %-ə yhaxın artıb

Bu ilin əvvəlindən Azərbaycandakı sığorta şirkətlərinin investisiya portfeli ötən ilin sonu ilə müqayisədə 5,6 % və yaxud 94 milyon manat artaraq 1 milyard 772 milyon manata çatıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

Sənədə əsasən, dövlət qiymətli kağızlarının yeni emissiyasının olmaması sığortaçıların alternativ investisiya alətlərindən istifadə etməsinə təsir edib. Belə ki, investisiya portfelində artım əsasən banklarda pul vəsaitləri (205 milyon manat) və qeyri-dövlət qiymətli kağızlarının (102 milyon manat) hesabına baş verib.

Bundan əlavə, sığorta şirkətləri repo bazarında vəsait yerləşdirən tərəf kimi aktiv iştirak ediib. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 92 %-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 73%-ni investisiya portfeli təşkil edir.

Sığorta şirkətlərinin investisiya aktivləri əsasən dövlət qiymətli kağızlarından və bank vəsaitlərindən ibarətdir.

Yanvar-iyun aylarında sığorta sektoru investisiya fəaliyyətindən 55 milyon manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 7,15 %-i təşkil edib.