
Bakı. Trend:
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri
Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova
bildirib.
S.Mikayılova qeyd edib ki, bu, yalnız bir seçki deyildi.
“Bu, xalqın öz gələcəyini müəyyən etdiyi, dövlətçiliyini xilas
etdiyi bir gün idi. Azərbaycanın müstəqilliyi real təhlükə altına
düşdüyü, vətəndaş müharibəsinin astanasında olduğu bir vaxtda xalq
öz xilaskarına üz tutdu. Böyük səs çoxluğu ilə Ulu Öndər Heydər
Əliyevin prezident seçilməsi, əslində, Azərbaycanın milli qurtuluş
yoluna qədəm qoyması idi. 1993-cü il oktyabrın 10-da andiçmə
mərasimində dövlətə və xalqa sədaqət andı içən Ulu Öndər Heydər
Əliyev öz sözünə və vədinə sadiq qaldı. O, ölkəni böyük
faciələrdən, xaosdan, dağılmaq təhlükəsindən xilas etdi. Sabitliyin
bərpası, hüquqi dövlətin əsaslarının qoyulması, iqtisadi dirçəliş,
beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi və ən
əsası qlobal enerji layihələrinin reallaşdırılması Heydər Əliyevin
Vətənə sədaqətinin, uzaqgörənliyinin və liderliyinin bariz nümunəsi
oldu.”
S.Mikayılova əlavə edib ki, Ulu Öndər andiçmə mərasimində
söylədiyi bu fikirlərlə tarixə möhür vurdu:
“Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün
fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf
edəcəyəm.” Bu sözlər ömrünü Azərbaycanın güclənməsinə,
müstəqilliyimizin möhkəmlənməsinə həsr edən dövlət adamının həyat
kredosunu ifadə edirdi. Onun siyasi irsi bu gün də Azərbaycanın
inkişafında əsas istiqamət kimi davam etdirilir.”
Deputat bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illəri
faciələrlə dolu oldu.
“Vəzirov-Mütəllibov və daha sonra AXC-Müsavat iqtidarları milli
maraqlara deyil, şəxsi ambisiyalara xidmət etdilər. Nəticədə
Xocalı, Laçın, Şuşa kimi faciələr baş verdi, torpaqlarımızın 20
faizi işğal olundu, ölkə vətəndaş müharibəsinin bir addımlığında
idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda hüquqi
və siyasi-iqtisadi suverenliyin möhkəmlənməsi sürət qazandı. İlk
növbədə ictimai-siyasi sabitlik təmin olundu, qeyri-qanuni silahlı
dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı.
Dövlətçiliyin əsas dayaqları bərpa olundu, ordu quruculuğu
sahəsində ciddi islahatlar həyata keçirildi. Azərbaycan, nəhayət,
öz gələcəyinə sahib çıxmağa başladı. 1991-1993-cü illər arasında
ölkə faktiki olaraq idarəolunmaz hala gəlmişdi. Anarxiya, xaos və
qeyri-peşəkar idarəetmə dövlətin mövcudluğunu sual altına almışdı.
Xalq çıxış yolunu yalnız Heydər Əliyevin liderliyində görürdü.
AXC-Müsavat iqtidarı isə acizliyini etiraf edərək, son anda məhz
onun xilaskarlıq missiyasına sığındı. Bu, tarixi bir zərurət idi –
xalqın iradəsi və Azərbaycanın gələcəyi bu missiyanın
reallaşmasından asılı idi.”
S.Mikayılova vurğulayıb ki, Azərbaycan xalqı yaxşı bilirdi ki,
müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir.
“Məhz buna görə 1992-ci ildə “91-lər”in təşəbbüsü ilə Heydər
Əliyevə ünvanlanan dəvət məktubu, sonrakı illərdə isə xalqın
təkidli istəyi, onu yenidən siyasi arenaya qaytardı. 1993-cü ilin
iyununda Bakıya gələn Ulu Öndər, qısa müddətdə ölkədə sabitliyi
bərpa etdi və Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycanın
müasir tarixində Ümummilli Lider Heydər Əliyevin rolu təkcə dövlət
başçısı kimi deyil, həm də xalqın qurtuluş və inkişaf yolunun
banisi kimi qiymətləndirilir. 1990-cı illərin əvvəllərində ölkə
xaos, anarxiya, iqtisadi tənəzzül və separatizm təhlükəsi ilə
üz-üzə qalmışdı. 1993-cü ildə xalqın və hakimiyyət təmsilçilərinin
israrlı tələbi ilə siyasi arenaya qayıdan Heydər Əliyev, sözün əsl
mənasında, Azərbaycan dövlətçiliyini xilas etdi.”
S.Mikayılova qeyd edib ki, 1993-cü ilin iyun ayında Gəncə
hadisələri zamanı dövlətin suverenliyinə və təhlükəsizliyinə real
təhdid yaranmışdı.
“Məhz bu kritik anda Ulu Öndər tərəddüd etmədən həyatını təhlükə
altına ataraq Gəncəyə getdi və qiyamın qarşısını aldı. Bu addım,
onun təkcə siyasi lider yox, həm də xalqı üçün canını təhlükəyə
atmağa hazır olan vətənpərvər olduğunun əyani sübutu idi. Heydər
Əliyevin fenomenallığı onun sadəcə müdrik və güclü lider olmasında
deyil, həm də siyasətə sistemli və elmi yanaşmasında idi.
Beynəlxalq təcrübəni milli maraqlarla birləşdirə bilən bu siyasət
ustası, qlobal güclər arasında balanslaşdırılmış siyasət aparmağı
bacarırdı. Onun nitqlərindəki dərin məntiq, auditoriyaya təsir etmə
bacarığı və hər bir çıxışının milli maraqlara söykənməsi onu
“siyasət nəhəngi”nə çevirmişdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə
ictimai-siyasi sabitlik təmin olundu, silahlı dəstələr
zərərsizləşdirildi, cinayətkarlığa və korrupsiyaya qarşı ciddi
mübarizə aparıldı. Onun təşəbbüsü ilə qəbul edilən 1995-ci il
Konstitusiyası Azərbaycanın demokratik dövlət quruculuğunun hüquqi
əsasını təşkil etdi.”
S.Mikayılova vurğulayıb ki, Heydər Əliyevin mühüm ideoloji
miraslarından biri də azərbaycançılıq məfkurəsidir.
“Bu ideologiya ölkə daxilində milli birliyi möhkəmləndirməklə
yanaşı, dünya azərbaycanlılarını da vahid ideya ətrafında
birləşdirdi. Azərbaycançılıq, milli-mənəvi dəyərlər, dövlətçilik
düşüncəsi və müasir dünyagörüşünün sintezindən ibarət idi və bu gün
də Azərbaycanın daxili və xarici siyasətində ideoloji baza rolunu
oynayır. Ulu Öndərin siyasi iradəsi ilə həyata keçirilən neft
strategiyası, Azərbaycanın beynəlxalq iqtisadi sistemdə yerini
müəyyənləşdirdi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəyə
milyardlarla dollar investisiya cəlb etdi, iqtisadiyyatın
inkişafına güclü təkan verdi. Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum enerji layihələri Azərbaycanın geosiyasi və
iqtisadi əhəmiyyətini daha da artırdı. Onun müəyyən etdiyi liberal
iqtisadi model, sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına
şərait yaratdı, iqtisadiyyatda sabitliyi təmin etdi. Bu model, eyni
zamanda sosial yönümlü olmaqla əhalinin rifah halının
yaxşılaşdırılmasına da yönəlmişdi.”


