
Almaniyada müəyyən şərtlərlə olsa da, məcburi hərbi çağırış tətbiq edilə bilər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
“Biz ehtiyatda olanlar da daxil olmaqla, şəxsi heyətin sayını təxminən 460 min nəfərə çatdırmalıyıq. Bu o deməkdir ki, Bundesverə qarşıdakı 8-10 il ərzində 260 min aktiv hərbçi, onilliyin sonuna qədər isə 200 min ehtiyatda olan heyət lazımdır. Biz buna yeni hərbi xidmət modeli vasitəsilə nail olacağıq”, – o deyib.
Pistorius qeyd edib ki, hazırda ölkədə İsveç modelinə bənzər könüllü xidmətə diqqət yetirilir. Lakin yeni qərar Bundestaq tərəfindən qəbul edilməlidir.
“Mən bunu çox açıq şəkildə bildirirəm – yalnız Bundestaqın təsdiqi ilə. Sizsiz, Bundestaqın qərarı olmadan məcburi hərbi çağırış olmayacaq”, – o vurğulayıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


