
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı kral V
Haraldın dəfn mərasimi və Norveç hökuməti ilə hava hücumundan
müdafiə məsələləri ilə bağlı danışıqlar aparmaq üçün Norveçə gəlib.
Bu barədə o özü məlumat verib. Norveç Baş naziri Yonas Qar Störenin
ofisindən bildirilib ki, Zelenski Støre ilə “bu axşam”
görüşəcək.
“Ukraynaya dəstəyin davam etdirilməsini müzakirə edəcəyik. Əsas
məsələ hava hücumundan müdafiənin gücləndirilməsi və qışdan keçmək
üçün digər mühüm sahələrdə yardım göstərilməsidir”, – Zelenski
sosial şəbəkələrdə yazıb.
Ukrayna Prezidenti bildirib ki, həyat yoldaşı ilə birlikdə
avqustun 28-də 89 yaşında vəfat edən və çərşənbə günü Osloda dəfn
olunacaq V Haraldın vida mərasimində “Norveçə minnətdarlıqlarını
ifadə edəcəklər”. Təhlükəsizlik səbəbilə Zelenskinin çərşənbə
axşamı Støre ilə görüşündən sonra mətbuat üçün heç bir tədbir
nəzərdə tutulmayıb.
Norveç Baş nazirinin ofisi vurğulayıb ki, “Ukraynanın hava
hücumundan müdafiə sistemlərinə və hərbi dəstəyin digər formalarına
kritik ehtiyacı var və ölkə çətin qışla üzləşməyə hazırlaşır”.
“Müzakirələr, xüsusilə Norveçin hərbi və mülki yardımının
Ukraynanın mövcud ehtiyaclarına ən yaxşı şəkildə necə cavab verə
biləcəyinə həsr olunacaq”, – deyə baş nazirin ofisindən əlavə
edilib.
Son günlər Ukrayna, xüsusilə də paytaxt Kiyev Rusiyanın ölümcül
bombardmanlarının hədəfinə çevrilib. Bazar günü Volodimir Zelenski
X sosial şəbəkəsində ballistik raketlərdən müdafiə məsələlərini
müzakirə etmək üçün Norveç və Kanadada görüşlər keçirəcəyini
açıqlamış, lakin tarixləri dəqiqləşdirməmişdi.
Norveç 2022-ci ilin fevralında başlayan Rusiyanın Ukraynaya
müdaxiləsi fonunda Kiyevə hərbi və mülki yardım göstərən əsas
ölkələrdən biridir.

