Zelenski ilə işləmək Putindən daha çətindir – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ukraynanın Rusiya neft
emalı zavodlarına zərbələri bərpa etməsini “utancverici”
adlandıraraq Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı növbəti
dəfə sərt mövqe nümayiş etdirib.

“Düşünürəm ki, bu, utancvericidir”, — deyə ABŞ prezidenti günün
əvvəlində zərbələrin bərpa olunması barədə açıqlamanı şərh etmək
üçün ona müraciət edən Newsmax telekanalına bildirib. “Hücum edilə
biləcək bir çox başqa hədəf var”, — deyə o əlavə edib. “Düşünürəm
ki, Zelenski ilə işləmək Putindən daha çətindir”, — Tramp
vurğulayıb.

Vaşinqtonla Kiyev arasında gərginliyin yenidən artdığı,
Ukraynanın ABŞ-ın dəstəyinin davamlılığından, hətta Birləşmiş
Ştatların Rusiyaya yardım göstərə biləcəyindən narahat olduğu bir
vaxtda Donald Tramp Volodimir Zelenskini tənqid edərək bildirib ki,
onun “etdiyi hər şey dünya bazarında neft qiymətlərini artırmaqdan
ibarətdir”.




Cümə axşamı günün əvvəlində Volodimir Zelenski Financial
Times
qəzetinə verdiyi açıqlamada Ukraynanın Rusiyanın neft
emalı zavodlarına zərbələr endirməməsi ilə bağlı atəşkəsin “ləğv
edildiyini” bildirib. Bununla o, Donald Trampın enerji obyektlərinə
hücumların dayandırılması barədə elan etdiyi atəşkəsə qarşı çıxıb.
Moskva isə bu təşəbbüslə razılaşmamışdı.

“Dizel yanacağı istehsal edən neft emalı zavodlarına zərbələr
endirməklə (…) siz dünyaya yaxşılıq etmirsiniz”, — deyə Donald
Tramp təkid edib.

ABŞ prezidenti Newsmax telekanalına açıqlamasında Zelenskini
yenidən tənqid edərək bildirib: “Zelenski bizim üçün razılaşma əldə
etməyə uyğun adam deyil. O, razılaşma əldə etmək istədiyini deyir,
amma əslində istəmir. Mən onu o qədər də xoşlamıram”.