Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Azərbaycan bu gün müstəqil siyasət yürüdən, dinamik inkişaf
edən, güclü iqtisadi və siyasi potensiala malik, milli maraqlarını
qətiyyətlə müdafiə edən dövlət kimi beynəlxalq aləmdə özünəməxsus
mövqeyi və nüfuzu ilə seçilir. Müasir dünyada müharibələrin,
geosiyasi qarşıdurmaların, siyasi və iqtisadi ziddiyyətlərin
dərinləşdiyi, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla
üzləşdiyi bir şəraitdə ölkəmizin sabitlik, əmin-amanlıq və
təhlükəsizlik mühitini qoruyub saxlaması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan dövlətinin həyata keçirdiyi çoxşaxəli və
balanslaşdırılmış xarici siyasət, beynəlxalq tərəfdaşlarla
qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri, regional və
qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakı ölkəmizin
beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Azərbaycan təkcə regionda baş verən proseslərin fəal iştirakçısı
deyil, həm də mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu,
əməkdaşlıq imkanlarının genişləndirildiyi və qarşılıqlı maraqların
uzlaşdırıldığı etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və uzaqgörən
siyasət nəticəsində ölkəmiz mühüm tarixi nailiyyətlər əldə edib,
dövlət müstəqilliyini və milli maraqlarını qorumaq istiqamətində
ardıcıl siyasət yürüdüb. Bu siyasətin ən mühüm nəticələrindən biri
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa
olunmasıdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya
açıqlamasında bildirib.

O qeyd edib ki, dövlətin gücü yalnız iqtisadi və hərbi
potensialı ilə deyil, cəmiyyətin birliyi, milli dəyərlərə
bağlılığı, vətəndaşların məsuliyyət hissi və ölkənin gələcəyinə
inamı ilə müəyyən olunur. Prezident İlham Əliyev YAP-ın VIII
Qurultayındakı proqram xarakterli çıxışında səsləndirdiyi fikirlər
bu baxımdan böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev
çıxışında qeyd etdi ki, ideoloji təhlükəsizlik də fiziki
təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə
istiqamətləndirilir.

Bu gün xarici mərkəzlər nəzarət etdikləri media vasitələri və
sosial şəbəkə platformaları üzərindən zərərli ideoloji təbliğat
apararaq Azərbaycan cəmiyyətinə, xüsusilə dünyagörüşü və düşüncə
tərzi hələ formalaşmaqda olan uşaqlara, gənclərə təsir göstərməyə
çalışırlar. Bu qüvvələr cəmiyyətimizin tərəqqisinə mane olan, milli
düşüncənin inkişafını məhdudlaşdıran dini xurafat və mövhumatı
yenidən gündəmə gətirərək onları insanların həyat tərzinə çevirməyə
cəhd edirlər. Halbuki ötən əsrin əvvəllərində Azərbaycanın görkəmli
ziyalıları, mütəfəkkirləri və maarifçiləri cəmiyyətin inkişafına
əngəl törədən bu kimi yanaşmaları kəskin tənqid etmiş, xalqın
maariflənməsini və dünyəvi düşüncənin möhkəmlənməsini tərəqqinin
əsas şərtlərindən biri kimi qiymətləndirmişlər. Xarici mərkəzlərin
əsas hədəflərindən biri dini amildən siyasi təsir vasitəsi kimi
istifadə etməklə Azərbaycanın müstəqil inkişaf yoluna mane
olmaqdır. Bu məqsədlə dini təbliğat müxtəlif təsir mexanizmləri ilə
müşayiət olunur, məzhəblər arasında qarşıdurma yaratmağa, insanları
radikal dini cərəyanların təsiri altına salmağa cəhdlər
göstərilir.

V.Rəhimzadə vurğulayıb ki, belə fəaliyyətlər cəmiyyət daxilində
parçalanma yaratmaqla yanaşı, milli həmrəyliyə, dünyəvi dövlətçilik
prinsiplərinə və ölkəmizin inkişaf strategiyasına qarşı yönəlmiş
ideoloji təhdidlər kimi qiymətləndirilməlidir. Son dövrlərdə bəzi
qonşu ölkələrdə hicab məsələsinin süni şəkildə siyasiləşdirilməsi
və bu mövzunun Azərbaycanda “Ümumi təhsil haqqında” Qanuna edilmiş
dəyişikliklərə qarşı təbliğat kampaniyasının tərkib hissəsinə
çevrilməsi də diqqət çəkir. Məktəblərdə vahid geyim qaydaları ilə
bağlı məsələlərin dini azadlıqlara qarşı addım kimi təqdim
edilməsi, cəmiyyətdə narahatlıq və qarşıdurma yaratmağa hesablanmış
yanaşmaların ön plana çıxarılması bu prosesin arxasında dayanan
məqsədlər barədə ciddi suallar doğurur.

“İdeoloji təsir cəhdlərinin əsas hədəfi təkcə ayrı-ayrı
məsələlər ətrafında ictimai rəy yaratmaq deyil, həm də milli
birliyi zəiflətmək, cəmiyyətin düşüncə istiqamətinə təsir göstərmək
və Azərbaycanın müstəqil inkişaf xəttinə mane olmaqdır. Buna görə
də milli maraqların qorunması, gənc nəslin sağlam dünyagörüşünün
formalaşdırılması, maarifçiliyin gücləndirilməsi və dünyəvi təhsil
prinsiplərinin müdafiəsi cəmiyyətin qarşısında duran mühüm
vəzifələrdəndir. Ümumi təhsil müəssisələrində vahid geyim
qaydalarının tətbiqi təhsil mühitinin təşkilinin, məktəbdaxili
nizam-intizamın möhkəmləndirilməsinin və sağlam məktəb
mədəniyyətinin formalaşdırılmasının mühüm istiqamətlərindən
biridir. Bu yanaşma həm təhsilalanlara, həm də təhsilverənlərə
münasibətdə vahid tələblərin müəyyənləşdirilməsini, məktəbdə
məsuliyyət və qarşılıqlı hörmət prinsiplərinin gücləndirilməsini
nəzərdə tutur. Məktəb mühitində geyim məsələsinə yalnız zahiri
görünüş çərçivəsində yanaşmaq düzgün olmazdı. Çünki geyim
mədəniyyəti, eyni zamanda, davranış qaydaları, sosial münasibətlər,
kollektivə bağlılıq və təhsil müəssisəsinin ümumi təşkilati
prinsipləri ilə əlaqəlidir”, – deyə deputat bildirib.